16 İyun 2021 17:29
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şuşa Bəyannaməsi məkan, zaman və məzmun olaraq tarixi hadisədir. Hərbi-strateji məzmunu, logistika ilə bağlı məqamlar çox önəmlidir, amma sənədin iqtisadi tərəfləri də var. Bu ilin mart ayında Azərbaycanla Türkiyə arasında 15 sənəd imzalanmışdı. Sənədlərdə diqqət çəkən məqamlardan biri də yaxın 3 ildə qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılmasıdır. İyunun 15-də imzalanan Bəyannamədə həmin hədəf bir daha təkrarlandı”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Hədəfin pis olmadığını vurğulayan iqtisadçı əlaqələrə rəqəmlərin reallığında toxunub: “2020-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 4 milyard 170 milyon dollar olub, Azərbaycan Türkiyəyə 2,598 milyon dollarlıq ixrac edib (ümumi ixracın 18,9%-i), Türkiyədən 1 milyard 563 milyon dollarlıq (ümumi idxalın 14,5%-i) mal-məhsul idxal edib.

Bu ilin 5 ayında Azərbaycan Türkiyəyə 1 milyard 207 milyon dollarlıq (ümumi ixracın 16,2%-i) mal-məhsul ixrac edib. Bu ixracın 98 milyon dollarını xam neft, 805 milyon dollarını isə təbii qaz təşkil edib. Türkiyə isə bu ilin 5 ayında Azərbaycana 660 milyon dollarlıq (ümumi idxalın 15%-i) mal-məhsul ixrac edib.

Ötən illərin təcrübəsini və cari ilin 5 ayının nəticəsini əsas götürsək, hesab edirəm ki, Azərbaycanın Türkiyəyə ixrac potensialı məhduddur. Maksimum qaz və neft ixracını bir az artıra, ixracımızı yaxın 3 ildə təqribən 4 milyard dollara çatdıra bilərik. Deməli, faktiki olaraq əgər 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi reallaşsa, biz Türkiyədən 11 milyard dollarlıq mal-məhsul idxal etməliyik.

Xatırladım ki, Azərbaycanın 2020-ci ildə bütün ölkələrdən idxalı 10 milyard 730 milyon dollar olub. Yəni, əgər 15 milyard dollarlıq hədəf tutacaqsa, biz elə tək Türkiyədən 2023-cü ildə 11 milyard dollarlıq mal-məhsul idxal etməliyik, bu isə real görünmür. Əgər reallaşsa belə, bizim daxili bazarın alıcılıq qabiliyyəti o qədər deyil”.

Analitik deyir ki, Türkiyədən idxalın artması ölkədən daha çox valyutanın çıxması deməkdir: “Bu isə manata basqıların artması ilə nəticələnəcək, lirə zatən ucuzdur, ucuzlaşması daha da artacaq. Türkiyədən idxal daha cəlbedici hala gəlib, deməli, bizim yerli istehsalın yaranması perspektivi də xeyli azalır.

Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin yüksəlməsi lazımdır, buna sözüm yoxdur. Amma təklif edərdim ki, Azərbaycan üçün daha önəmli olanı birgə müəssisələrin yaradılması istiqamətidir. Türkiyənin yüngül sənaye (tekstil), mebel, məişət texnikası və sair sahələrin istehsalında böyük potensialı və təcrübəsi var. Əsasən də işğaldan azad edilən regionlarda böyük tekstil fabriklərinin, yeni sənaye müəssisələrinin yaradılması istiqaməti üstünlük təşkil etməlidir. Bu həm yeni iş yerləri, həm də Azərbaycan üçün yeni ixrac potensialı deməkdir.

Məmləkətimizin ciddi logistik və coğrafi üstünlüyü var. Türkiyədən ən xırda geyimləri almaqdansa və bunun üçün valyuta xərcləməkdənsə, qardaş ölkə ilə birgə müəssisələr açıb Azərbaycandan Rusiyaya, Orta Asiya ölkələrinə, Ukraynaya tekstil, mebel, məişət texnikası (Türkiyə brendləri ilə birgə) ixrac etmək daha məntiqli və doğru yoldur. Pambığı xammal kimi satmaqdansa, ondan paltar istehsal etmək daha yaxşıdır. Məncə, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasındansa, birgə istehsalın genişlənməsinə daha çox önəm verilməlidir”.


Müəllif: Yeganə Oqtayqızı