22 İyun 2021 11:57
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasında yeni müqavilələrin imzalanacağını bəyan edib. Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağı gözlənilir.

Maraqlıdır, söhbət hansı yeni müqavilələrdən gedə bilər?

Teleqraf.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Şuşa Bəyannaməsində əməkdaşlığın yeni istiqamətləri təsbit olunub.

O bildirib ki, vacib istiqamətlərdən biri bəyannamədə nəzərdə tutulduğu kimi, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılmasıdır: “Bu il martın 1-dən qüvvəyə minən Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi artıq 15 mal qrupu üzrə qarşılıqlı güzəştlərin tətbiq olunmasını əhatə edir.

Bu sahədəki anlaşmaların əsas məqsədi iki ölkə arasındakı ticarət dövriyyəsini hədəflənən həcmə çatdırmaqdan ibarətdir. Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Qeyd edək ki, 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bəyannamənin imzalanmasından sonra bu sahədə yeni addımların atılacağı gözlənilir. İki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı hədəflənir”.

Deputat qeyd edib ki, beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit nəqliyyat potensialı iqtisadi inkişafa xidmət edəcək addımlardır: “Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviq edilməsinin bəyannamədə nəzərdə tutulduğunu nəzərə alsaq bu sahədə də əməkdaşlıq güclənəcək. Türkiyə və Azərbaycan beynəlxalq yükdaşımalar üzrə siyasətlərini əlaqələndirmək üzrə xeyli müddətdir ki, birgə fəaliyyət həyata keçirirlər. Dəhliz Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağından bu hər iki ölkə üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olacaq.

Bütövlükdə, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi və Şuşa Bəyannaməsinə uyğun olaraq yeni anlaşmaların olacağı gözlənilir”.


Müəllif: Yeganə Oqtayqızı