8 İyul 2021 14:39
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

“OPEC+” alyansında müşahidə edilən fikir ayrılıqları neftin qiymətinə təsirsiz ötüşmədi. Bu həftəyə hər bareli üçün 77 dollar qiyməti ilə start verən Brent markalı neftin qiyməti 73 dollaradək azalıb. Bu, neftin qiymətində son 3 gündə 5 faizdən çox azalma deməkdir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, ABŞ dollarının dünya valyuta bazarında möhkəmlənməsi strateji məhsulların, o cümlədən neftin qiymətinə təsir göstərir: “Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Möhkəm dollar da neft bazarına təsir etməkdədir.

“OPEC+” alyansının gələcək taleyi neftin qiymətinin

dəyişməsinə birbaşa təsir edəcək. Doğrudur, qlobal vaksinasiya səviyyəsinin genişlənməsi, yay aylarında inkişaf etmiş ölkələrdə, xüsusən də Birləşmiş Ştatlarda daxili səfərlər səbəbindən benzinə tələbin artması enerji bazarında qiymətlərin xeyrinə işləyən mövsümi faktorlardandır. Amma bütün hallarda neft bazarında volatilliyin davam edəcəyi şübhəsizdir”.

Vüqar Bayramovun qənaətincə, enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir: “Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən vaxt bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı son volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asılılığı minimumlaşdırmaqdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər