“Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) uzun müzakirələrdən sonra kompromisə gələ bilib. Əgər OPEC+ razılaşmasının müddəti 2022-ci ilin aprel ayından sonra uzadılarsa, BƏƏ-nin kvota həcmi gündəlik 3,65 milyon barrel təşkil edəcək. Yəni, BƏƏ mövcud kvota həcmindən gündəlik təqribən 0,9 milyon barrel daha çox neft hasil edə biləcək”.
Teleqraf.com xəbər verir ki, bunu beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru, enerji eksperti Emin Axundzadə deyib.
Analitik bildirib ki, BƏƏ uzun zamandır öz neft hasilatını artırmaq istəyirdi:
“Beləliklə, BƏƏ istəyinə nail oldu və Səudiyyə Ərəbistanının kölgəsində qalmaq istəmədiyini açıq şəkildə ortaya qoydu. Razılaşmanın əldə edilməsi neft bazarları baxımından müsbət qiymətlərndirilə bilər və bu, qiymətlər üzərindəki təzyiqin bir qədər azalmasına səbəb olacaq. Əks təqdirdə, yenidən qiymət savaşları başlaya bilərdi ki, bu da qiymətlərin kəskin enməsi ilə nəticələnə bilərdi”.