27 Avqust 2021 14:19
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban tərəfindən həftənin əvvəlində Əfqanıstan Mərkəzi Bankının sədri vəzifəsinə təyin olunan Hacı Məhəmməd İdrisin hər hansı ali təhsil diplomu yoxdur.

Teleqraf.com xəbər verir ki, bankların bağlı olduğu və bir çox dövlət idarələrinin boş qaldığı bir ölkədə Hacı Məhəmməd İdris müharibədən böyük zərər görmüş iqtisadiyyatı nizama salmağı hədəfləyir.

Əfqanıstanın Cüzcan əyalətində doğulmuş və haqqında çox az məlumat olan İdrisin heç bir ali təhsil diplomu tapılmayıb. Sadəcə o, bir müddət Talibanın iqtisadi komissiyasının rəhbəri olub. Öldürülən Taliban lideri Axtar Mansurun yaxın adamı kimi tanınır.

Taliban sözçüsü Zabihullah Mücahid bildirib ki, Hacı Məhəmməd İdris bu vəzifəyə qapalı qurumlar təşkil etmək və iqtisadi problemlərə həll tapmaq üçün gətirilib: “Dünyada tanınmayan, lakin əsas vəzifələri tutan və böyük töhfələr verən insanlar var. Hacı İdris də onlardan biridir. Hətta dini təhsili də yoxdur, amma maliyyə məsələlərində mütəxəssisdir”.

Qeyd edək ki, Əfqanıstan uzun müddətdir böyük iqtisadi çətinliklərlə mübarizə aparır. Taliban ölkəni ələ keçirəndən sonra Mərkəzi Bankın beynəlxalq ehtiyatlara girişi dondurulub. Ölkə vətəndaşları banklardan nağd pul çıxara bilmirlər.

Bundan əlavə, əsas ehtiyac məhsullarının qiymətləri 35 faizə qədər yüksəlib. Dövlət işçilərinə maaş da verilməyib. Ötən həftə Əfqanıstanın beynəlxalq bankların ehtiyatlarında olan 9,5 milyard dollarlıq aktivlərə girişi rədd edilib. Beynəlxalq Valyuta Fondunun (BVF) bu həftə edəcəyi 370 milyon dollarlıq beynəlxalq pul vahidi SDR ödəməsi də edilməyib. BVF-nin bəyanatında deyilir: "Beynəlxalq ictimaiyyətdə Əfqanıstandakı hökumətin tanınması ilə bağlı heç bir aydınlıq yoxdur və nəticədə ölkə SDR-lərə və ya BVF-nin digər mənbələrinə daxil ola bilməz”.

ABŞ rəhbərliyi Əfqanıstan hökumətinin Amerikada sahib olduğu heç bir mərkəzi bank aktivini “Taliban”a verməyəcəyini bildirib.


Müəllif: Yeganə Oqtayqızı