“Azərbaycana idxal edilən benzinin qiymətlərində artımın qarşısının alınması üçün həmin marka yanacaqların yerli istehsalının daha qısa zamanda təşkili vacibdir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Dövlət Neft Şirkəti 2021-ci ildə “Avro-5” standartına cavab verən dizel, 2022-ci ildə uyğun keyfiyyətdə benzin yanacağı istehsalını hədəfləsə də, hələlik ölkəmizdə yalnız “Aİ-92” markalı benzin və dizel emal olunur: “Avro-5” standartına uyğun benzin istehsalı bir tərəfdən “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətinin optimallaşmasına və onun xarici bazarla əlaqəsinin kəskin azalmasına, digər tərəfdən idxal nəticəsində ölkədən valyuta axının qarşısını alınmasına səbəb ola bilər.
Məlumat üçün bildirim ki, bu ilin birinci yarısında Azərbaycan xaricdən 52 milyon 213 min dollar (88 milyon 763 min manat) dəyərində 75 min 407 ton "Aİ-95" ("Premium") markalı benzin idxal edib. Bu həmin müddətdə idxal olunan benzinin həcmi 2 dəfə, dəyəri isə 2,3 dəfə artması deməkdir. “Avro-5” standartına uyğun benzin əsasən Rusiya və Rumıniyadan idxal olunub. Yəni, idxal edilən benzinin 60 faizdən çoxu şimal qonşumuzun payına düşüb. Bu məhsul idxalına görə, cari ilin ilk yarısında Rusiyaya 31 milyon 343 min dollar, Rumıniyaya isə 18 milyon 180 min dollar ödəmişik”.
Vüqar Bayramov xatırladıb ki, 2020-ci ildə Azərbaycan 58 milyon 615 min dollar (99 milyon 646 min manat) dəyərində "Aİ-95" benzini idxal edib: “Bu, əvvəlki illə müqayisədə həcm ifadəsində 80,3%, dəyər ifadəsində isə 44,2% çox olub. Rəsmi rəqəmlərdən göründüyü kimi, “Avro-5” standartına uyğun benzinin yerli istehsalının olmaması idxal nəticəsində hər il 100 milyon manata yaxın valyutanın ölkədən çıxmasına səbəb olur. Yerli istehsalın təşkil edilməsi isə həmin vəsaitin ölkədə qalmasına imkan verəcək.
Bu baxımdan, idxal olunan yanacağın qiymətlərinin optimallaşması və qiymət artımlarını qarşısının alınması üçün çox qısa zamanda yerli istehsalın təşkil edilməsi və idxalın məhdudlaşdırılmasına ehtiyac var. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bunun daha qısa zamanda təşkil edilməsi xammal və texnoloji baxımdan hər hansı çətinlik yaratmır”.