Qadınların məşğulluğu ölkələrin inkişafı üçün vacib elementlərdən biridir. Müşahidələr göstərir ki, Azərbaycanda işləyən qadınların sayı və aldıqları maaşları kişilərlə müqayisədə daha aşağıdır. Başqa sözlə, ölkəmizdə gender əsaslı maaş fərqi kəskin hiss edilir, idarə heyətlərində isə qadın çalışanların nisbəti 20 faizi keçmir.
İqtisadçı-alim Vüsalə Əhmədova Teleqraf.com-a açıqlamasında bildirib ki, qadınların təkcə iqtisadi deyil, həm də siyasi mövqelərini dəyişdirmək imkanları gücləndirilməlidir: “Cəmiyyətimizdə belə bir ümumi fikir formalaşıb ki, Azərbaycanda qadınlar üçün iş tapmaq daha asandır. Əslində, tam əminliklə deyə bilərəm ki, bu ifadənin doğruluq payı çox azdır. Bəli, bəzi iş qolları var ki, məsələn, kənd təsərrüfatı və aqrar sektorda ağır əl əməyi tələb olunan işlərdə, eləcə də təmizlik işlərində, ən yaxşı halda isə bağça tərbiyəçisi və ya qəbul şöbəsi (reception) kimi işlərində qadınlara daha çox ehtiyac duyulur.
Ancaq düşünürəm ki, bəzi ağır iş qollarında qadınların çalışmaması daha yaxşı olardı. Dünyanın heç bir ölkəsində küçələri təmizləyən qadınlara rast gəlmək mümkün deyil. Ölkəmizdə ağır işlərdə işləyən qadınların sayı kifayət qədərdir. 2019-cu il üzrə istehsalat qəzaları nəticəsində 12 qadın həyatını itirib, 43 qadın isə ağır xəsarət alıb.
Kadır axını nəticəsində 2019-cu ildə 37,8% qadın işdən azad olunub, struktur dəyişikliyi ilə əlaqədar işini itirənlərin 39,4%-i qadınlardır. Dövlət Statistika Komitəsinin hesabatına görə, ölkədəki işsiz əhalinin 57,4%-ni qadınlar təşkil edir. Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin 37,7%-i qadınlardır.
Qadınların iqtisadi və sosial həyata qatılmaları üçün ən önəmli kriterya onların məşğulluq səviyyəsinin yüksəldilməsidir. İqtisadi cəhətdən müstəqil olmayan qadın nə siyasi proseslərə qatıla, nə də cəmiyyətdə söz sahibi ola bilər. Ümumiyyətlə, iqtisadi cəhətdən müstəqil olmayan qadın cəmiyyətdə heç bir uğur qazana bilməz. Ölkədə rəhbər vəzifələrdə çalışan qadınların sayına nəzər yetirək, cəmi 1 qadın yerli icra hakimiyyəti başçısı, 2 qadın dövlət komitə sədri var.
Ədliyyə sistemində çalışan hakimlərin cinsiyyət üzrə bölgüsünə baxsaq, onlardan cəmi 78 nəfəri (14%) qadın, qalan 460 nəfəri (86%) kişidir. 2020-ci il yanvarın 1-nə olan statistikaya görə, dövlət qulluğu vəzifələrini tutmuş kişilərin sayı qadınlardan dəfələrlə çoxdur. Ali 3-cü təsnifatlar üzrə inzibati vəzifə tutanların 465 nəfəri qadın (33,62%), 918 nəfəri kişidir (66,38%), 4-7-ci təsnifatlar üzrə inzibati vəzifədə çalışanların isə 5.076 nəfəri qadın (22,86%), 17.129 nəfəri kişidir (77,14%).
Özəl sektorda da vəziyyət heç də ürəkaçan deyil, belə ki, ölkə üzrə fərdi sahibkarların 21,68%-i qadın, 78,32%-i kişidir”.
“Azərbaycan qadın naziri olmayan ölkələrin başında gəlir”
Analitik qeyd edib ki, qadınların istər sosial, istərsə də iqtisadi sahədə hüquqlarını qoruyan çox sayda beynəlxalq konvensiya mövcuddur: “Bunlardan ən önəmlisi BMT-nın “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyası”dır (GEDAW). Konvensiya qadınların iş həyatında kişilərlə bərabər mövqe tutmasını de-fakto təmin etmək məqsədilə tərəf dövlətlərin müvəqqəti və xüsusi tədbirlər görməsini nəzərdə tutur. Məqsəd sadəcə de-yure bərabərlik yaratmaq deyil, bərabərliyin realda da həyata keçməsinə imkan verəcək “bərabər imkanlar siyasəti” (politics of equal opportunity) yürütməkdir. Tarix boyunca mövcud olan və olmaqda davam edən qeyri-bərabərliyi aradan qaldırıncayadək “müsbət ayrıseçkilik” mexanizmi tətbiq etmənin mütləq olduğunu düşünürəm.
Qadınların aşkar şəkildə geri plana atıldığı sahələrdə, xüsusilə də, siyasi, hüquqi, dövlət idarəçiliyi sahələrində kvotaların müəyyən edilməsi bunun yeganə həll yoludur.
Təklif edərdim ki, məhz millət vəkili seçimlərində də kvotalar müəyyən edilsin, qanunverici orqana qadınların kişilərlə barəbər sayda seçilməsinə imkan yaradılsın, o cümlədən ədliyyə və hüquq mühafizə sistemində. Hazırda Azərbaycanda 119 millət vəkilindən cəmi 20-si (16,8%-i) qadındır. Çoxlarının bəyənmədiyi Əfqanıstanda bu nisbət 23,6%, Türkmənistanda 25%, Uqandada 34,9%, Ermənistanda 24,2%-dir.
BMT-Qadın (UN Woman) və Parlamentlərarası Birlik Qrupunun (IPU) yayımladığı “Siyasətdə Qadın 2021” hesabatında heç bir qadın naziri olmayan bir neçə ölkə qeyd olunub ki, bunların da başında Azərbaycan gəlir. Qadın nazirlərin faiz nisbətinin 50%-dən yuxarı olduğu ölkələr var, hansı ki, Nikaraquada nazirlərin 58,82%-i, Avstriyada 57,14%-i, İsveçdə 57,14%-i, Belçikada 57,14%-i, Albaniyada 56,25%-i qadındır. Hökumətdə qadınların təmsil olunma nisbətinə görə ilk beşlikdəki ölkələr Finlandiya (54,5%), Avstriya (52,9%), İsveç (52,2%), Fransa (51,2%) və Belçikadır (50%).
Qeyd etdiyim kimi, qeyri-bərabərlik hökm sürən sahələrdə real bərabərlik əldə edilənə qədər “müsbət ayrıseçkilik” mexanizmi tətbiq edilməlidir”.
“Ölkəmizdə qadın və kişi əmək haqları arasında fərq 40-50% arasıdır”
Müsahibimizin sözlərinə görə, ölkəmizdə iqtisadi fəaliyyət növləri üzrə qadın və kişilərin orta aylıq nominal əmək haqları arasında da uçurum görmək olar: “Mədənçıxarma sənayesində çalışan qadınların orta aylıq nominal əmək haqqı 1812.0 manat olduğu halda, kişilərin 3244.6 manatdır, nəqliyyat və ambar təsərrüfatı üzrə qadınlarda 585.7 manat, kişilərdə 909.6 manat, maliyyə və sığorta sahəsində qadınlarda 1160.6 manat, kişilərdə 1844.1 manat, peşə, elm və texniki fəaliyyətlər üzrə qadınlarda 687.2 manat, kişilərdə 1582.7 manat, dövlət idarəetməsi, müdafiə və sosial təminat sahələri üzrə qadınlarda 666.9 manat, kişilərdə 850.4 manat təşkil edir.
İqtisadi fəaliyyət növləri üzrə muzadla işləyən cəmi qadın və kişilərin orta aylıq nominal əmək haqlarında da vəziyyət eynidir – qadınlarda 443.4 manat, kişilərdə isə 764.8 manatdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələri içində qadın və kişilərin əmək haqları arasında fərqin ən az olduğu ölkələr Yeni Zelandiya (5,62%), Belçika (6,41%), Lüksemburq (6,49%), Yunanıstan (6,85%) və Norveçdir (7,01%). Hansı ki, bu nisbət ölkəmizdə 40-50% arasıdır, bəzi sahələrdə hətta 50%-dən yüksəkdir”.
“Qlobal Gender Bərabərsizliyi” hesabatında Azərbaycan 100-cü sırada qərarlaşıb...
Vüsalə Əhmədova deyir ki, qadınların iqtisadiyyatda iştirakı nə ailələri, nə də kişi işçiləri üçün təhlükədir: “Qadın məşğulluğunun artırılması dünyanın ən yaxşı iqtisadiyyatı arasında olmaq hədəfinə çatmaqdır. ABŞ-ın “National Geographic” elm və maarif təşkilatı 2019-cu ildə qadınlar üçün həyat şəraitinin ən yaxşı və ən pis olduğu ölkələri araşdırıb. Hakimiyyətdə təmsil olunma, mobil telefondan istifadə, məşğulluq səviyyəsi, maliyyə vəziyyəti, təhsil səviyyəsi, cinsi ayrı-seçkilik və cinsi zorakılığa məruz qalma, ictimai təhlükəsizlik, hüquqi ayrı-seçkilik, qərəzlilik kimi kriteriyalar üzrə aparılan araşdırmaların nəticəsində qadınlar üçün həyat şəraitinin ən yaxşı olduğu ölkələrin Norveç, İsveçrə, Finlandiya, Danimarka, İslandiya, Avstriya, Böyük Britaniya, Lüksemburq, İsveç və Hollandiya olduğu müəyyən edilib.
Dünya İqtisadi Forumu (WEF) tərəfindən qadınların iqtisadiyyatda iştirak imkanları, təhsil səviyyəsi, sağlamlıq vəziyyəti, qadınların siyasətdə rolu kimi faktorlar əsas götürülərək hazırlanan 2021-ci il “Qlobal Gender Bərabərsizliyi” hesabatında Azərbaycan 100-cü sırada qərarlaşıb, ilk üçlükdəki ölkələr İslandiya, Finlandiya və Norveçdir.
Ölkəmizi bu hesabatlarda üst sıralarda görmək üçün beynəlxalq sənədlərə əsaslanaraq real addımlar atmalıyıq. Avropa Şurasının 2011-ci ildə qəbul etdiyi “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması Konvensiyası” (İstanbul Konvensiyası) ilə bağlı ölkəmizdə bir çox insan məğzinə varmadan mənfi fikirlər formalaşdırmağa başladı. Deyərdim ki, sənəd beynəlxalq hüquqda qadına qarşı zorakılıq və ailədaxili şiddətlə bağlı sanksiya gücü olan ilk Konvensiyadır.
İstər dövlət, istərsə də özəl sektorda qadınlara qarşı fiziki, cinsi, psixoloji və iqtisadi hərəkət və təhditlərə qarşı sənəddə önəmli sanksiyalar nəzərdə tutulur. BMT-nin ixtisaslaşmış qurumlarından biri olan “Beynəlxalq Əmək Təşkilatı” tərəfindən qəbul edilən qadınların iş həyatındakı vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar çox sayda qərarlar mövcuddur. Bütün bu sənədlər qadınların kişilərlə bərabərhüquqlu formada iqtisadi və sosial həyata qatılmasını təşviq edir və onların tətbiqi vacibdir”.