Sentyabrın 29-da Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə çıxış edən Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin qısa zaman kəsiyində Azərbaycana ikinci dəfə səfər etdiyini bildirərək bunu iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi səciyyələndirib.
Azərbaycan və Gürcüstan xalqlarının əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşadıqları vurğulanıb. Müstəqillik dövründə qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi məmnunluqla qeyd olunub.
İki ölkə arasında fəal siyasi dialoqun aparıldığı, Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədikləri vurğulanıb.
İkitərəfli əlaqələrin müxtəlif sahələrdə – xüsusən iqtisadi-ticari, enerji, nəqliyyat, tranzit, investisiya və humanitar sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
Pandemiyanın mənfi təsirinə baxmayaraq, cari ilin 8 ayında ticarət dövriyyəsinin 41 faiz artdığı diqqətə çatdırılıb. Azərbaycanın Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biri, həmçinin Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkə olduğu xüsusi vurğulanıb.
Enerji sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilərək iki ölkənin birgə həyata keçirdiyi layihələrin bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu layihələr Cənubi Qafqazın transformasiyasında mühüm rol oynayıb, bölgənin enerji xəritəsini dəyişib. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edildiyi bildirilərək bu layihənin həm Azərbaycanın, həm də Gürcüstanın rifahı və inkişafı üçün böyük əhəmiyyət daşıdığı qeyd olunub.
İki ölkə arasında nəqliyyat və tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətindən danışılıb. Hətta pandemiya şəraitində nəqliyyat və tranzit dəhlizlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün bütün lazımi tədbirlərin görüldüyü diqqətə çatdırılıb. Bunun nəticəsi olaraq cari ilin 8 ayında Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmində artım olduğu bildirilib.
Baş nazir Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geosiyasi və geoiqtisadi reallıq barədə söhbət açaraq regionda nəqliyyat-kommunikasiya sisteminin bərpasının böyük perspektivlər vəd etdiyini və bütün bölgə ölkələri üçün faydalı olacağını vurğulayıb, o cümlədən xüsusi olaraq Zəngəzur dəhlizini qeyd edib.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəsinin Azərbaycanla strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini, dostluq münasibətlərini daha da gücləndirmək niyyətində olduğunu diqqətə çatdırıb.
Azərbaycan və Gürcüstan tərəfindən uğurla həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Gürcüstan bütün istiqamətlərdə Azərbaycanla əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. İrakli Qaribaşvili Azərbaycanın investisiya sahəsində Gürcüstanda lider olduğunu qeyd edib. O, pandemiya dövründə Azərbaycanın Gürcüstana dəstəyini xüsusi vurğulayıb.
İclasda gündəlikdə duran məsələlərə dair məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb. Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən informasiya texnologiyaları, kənd təsərrüfatı, mədəniyyət, təhsil və turizm sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.
Sonda Azərbaycan Respublikası ilə Gürcüstan arasında
- İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu;
- “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş”;
- “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”;
- “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi arasında 2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Proqram”;
- “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə LEPL “Enterprise Georgia” Agentliyi arasında Anlaşma Memorandumu”;
- “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə LEPL “Enterprise Georgia” Agentliyi arasında Anlaşma Memorandumu” imzalanıb.