13 Oktyabr 2021 17:56
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 13-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,4% azalaraq 0,1881 manat təşkil edib, bu, yeni tarixi minimum sayılır.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi məzənnəsinə görə, hazırda 1 manat 5,3163 lirə təşkil edir. Ümumilikdə ilin əvvəlindən lirə manata nisbətdə 17,9% dəyər itirib.

Xatırladaq ki, Türkiyə lirəsinin rekord səviyyələrə enməsi Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini gözlənilmədən (illik inflyasiyanın avqustda yüksək səviyyədə (19,25%) olmasına baxmayaraq) 19%-dən 18%-ə azaltdıqdan sonra baş verdi. Sentyabrın 24-dən sonra lirənin ABŞ dollarına qarşı məzənnəsi də tarixi minimumları yeniləməyə başladı. Türkiyə Mərkəzi Bankının məlumatına görə, hazırda 1 dolların satış qiyməti 9,0234 lirəyə bərabərdir.

İqtisadçı Eldəniz Əmirov Teleqraf.com-a bildirib ki, türk lirəsinin ucuzlaşması bir neçə səbəbdən qaynaqlanır:

“Bu məsələdə Türkiyənin həyata keçirdiyi xarici siyasət, eyni zamanda daxili istehsalı stimullaşdırmaq istiqamətində apardığı siyasət öz rolunu oynayır. Öncəki illərdə Mərkəzi Bank sədrinin dəyişilməsi də lirənin məzənnəsinə təsir göstərmişdi. Əvvəlki dövrlərdə Türkiyə üçün spesifik olmayan bir məqam var idi ki, xarici ticarətdə idxal ixracı üstələyirdi. Yəni daha çox mal alırdılar, nəinki satırdılar. Həmin vaxtı Türkiyədən təxminən 11 milyard dollar investisiya çıxmışdı. Bu da təbii olaraq ticarət balansında kəsir yaradır. Bu isə öz növbəsində lirəyə təzyiqi artırır. Ötən il yanvar-may ayları ərzində təxminən 22-23 milyard dollarlıq itki olmuşdu. Bu da ciddi şəkildə lirənin məzənnəsinə təsir göstərir”.

Türkiyə lirənin məzənnəsinin sabit saxlanılmasına niyə müdaxilə etmir?

Analitik deyir ki, Türkiyədə valyuta bazarı sərbəst olduğuna görə ona müdaxilə edilmir: “Lirənin məzənnəsi tələb və təklif əsasında formalaşır. Yalnız kritik məqamlarda Mərkəzi Bank tərəfindən müəyyən tənzimləyici addımlar atılır. Görünən odur ki, hazırda türk lirəsinin ucuzlaşmasına baxmayaraq dövlət müdaxilə etməyə tələsmir. Bu da Türkiyə iqtisadiyyatının daha çox ixrac yönümlü və qeyri-neft sektoru üzrə ixrac payının həddindən artıq çox olmasından qaynaqlanır.

Lirənin hazırkı vəziyyəti Türkiyə mallarının xarici bazarlarda rəqabət qabiliyyətini artırıb. Yerli mal və məhsullar xarici bazarlara daha ucuz şəkildə ixrac edilir. Bunun sayəsində türk malları rəqiblərini üstələyə bilir. Türkiyədə Azərbaycana ixrac olunan məhsulların qiymətində ucuzlaşma müşahidə edilir”.

Eldəniz Əmirov qeyd edib ki, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsində dollardan istifadə olunur: “Bu səbəbdən lirənin ucuzlaşmasının Azərbaycana birbaşa təsirləri çox deyil. Sadəcə olaraq Türkiyə mallarının Azərbaycan bazarında daha çox oturuşmasına və mövqeyinin möhkəmlənməsinə gətirib çıxarır.

Ümumiyyətlə, Türkiyə ucuz milli valyuta hesabına ixracını stimullaşdırır. Bunların hər birinin lirənin məzənnəsində öz təsirləri var. Amma daha çox ölkənin xarici siyasəti və ixrac bazarında türk mallarının daha çox rəqabət qabiliyyətli olmasının təmin edilməsidir. Bu səbəbdən Mərkəzi Bank faiz dərəcəsində dəyişikliyə getmir.

Bahalı lirənin Türkiyəyə mənfi təsirləri var. Bu, ölkədə istehsal olunan mal və məhsulların maya dəyərinin artmasına gətirib çıxarır. Hansı ki, həmin mal və məhsullar xaricdən alınan xammaldan asılıdır. Yəni xammalı xaricdən idxal olunan məhsulların maya dəyərinin artması Türkiyə üçün ciddi problemlər yaradır”.


Müəllif: Yeganə Oqtayqızı