16 Oktyabr 2021 17:40
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2021-ci ildə dünya bazarında təbii qazın qiymətləri dörd dəfəyə qədər artıb. Bunun da əsas səbəblərindən biri pandemiyadan sonra istehsal tələbinin kəskin qalxmasıdır. Şərqi Asiyada, Çində qışın sərt keçəcəyinə dair gözləntilər bazardakı qiymətləri artırıb. Yəni təbii qazın və elektrik enerjisi qiymətinin artması Azərbaycanla bağlı deyil, qlobal bir məsələdir”.

Bunu Teleqraf.com-a iqtisadçı Xalid Kərimli deyib.

O bildirib ki, "Azəriqaz" İstehsalat Birliyi daim subsidyalaşdırılan bir qurumdur: “Bu da onu deməyə imkan verir ki, qazın maya dəyəri satış qiymətindən yuxarıdır. Təbii ki, baha istehsal edib, əhaliyə ucuz satmaq dövlət büdcəsi hesabına bütün əhalinin, o cümlədən iqtisadiyyatın subsidyalaşdırılması deməkdir. Bu isə səmərəli istehlakı formalaşdırmır, istehsalın da mənfəətini aşağı salır. Bir sözlə, bir resursu dəyərindən aşağı satmaq doğru deyil”.

İqtisadçı Statistika Komitəsinə istinadən qeyd edib ki, son 1 ildə ərzaq qiymətləri 10,4 faiz artıb: “Həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətləri sürətlə artıb. Buna görə də əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Prezidentini Sərəncam imzaladı. Belə ki, əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanır”.


Müəllif: Yeganə Oqtayqızı