6 Noyabr 2021 15:36
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2022-ci ilin yanvar ayının 1-dən minimum əmək haqqı 250 manatdan 300 manata qaldırılır. Təbii ki, minimum əmək haqqının artırılması pozitiv məsələdir, amma bir ciddi problem var: VÖEN-lə çalışan fiziki şəxslərin DSMF-na ödənişləri qanunla minimum əmək haqqına bağlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, tikinti və ticarətdə çalışan fiziki şəxslər minimum əmək haqqının 50%-ni, digər sahələrdə çalışanlar isə 25%-ni Dövlət Sosial Müdafiə Fonduna ödəməlidir: “Bu gün ödənişlər 125 və 62,5 manat təşkil edir. Yanvar ayından ödənişlər tikinti və ticarətdə işlənlər üşün 150 manata, digər sahələrdə çalışanlar üçün isə 75 manat qaldırılacaq.

Dəfələrlə təklif etmişik ki, DSMF-yə ödənişlərin minimum əmək haqqına bağlanması qanundan çıxarılmalı, hesablama formulları dəyişməlidir. Ödənişlərin minimum əmək haqqına qanunla bağlı olması ciddi problemlər yaradır. Məsələn, tutaq ki, fiziki şəxs tikinti və ya ticarətlə məşğuldur və ay ərzində 300 manatlıq dövriyyəsi olub. Həmin şəxs 300 manatdan 5% vergi və 150 manat DSMF-yə ödəniş etməlidir. Yəni, 165 manat dövlətə pul ödəməlidir, özünə 135 manat qalacaq (hələ işsizlik sığortası, tibbi sığorta kimi də ödənişlər var) – bu ədələtsizlik olmaqla yanaşı, həm də məntiqsizlikdir”.

Ekspert hesab edir ki, DSMF-yə ödənişlərin minimum əmək haqqına bağlılığı mütləq qanundan çıxarılmalıdır: “Ümumiyyətlə, təqaüd məsələsi bir tək dövlətin əlində olmamalıdır. Elə bir mexanizm işlənib hazırlanmalıdır ki, ödənişin minimum məbləğı icbari olsun (məsələn, ayda 25 manat), kim istəsə öz arzusu ilə daha çox ödəyə bilər ki, gələcəkdə daha yüksək təqaüd almağa imkanı olsun. Paralel olaraq özəl təqaüd fondlarının yaranmasının qarşısında duran qanuni və institutsuonal əngəllər aradan qaldırılmalıdır, vətəndaşa müqavilə sərbəstliyi verilməlidir”.


Müəllif: Yeganə Oqtayqızı