“Gələn il üçün İşsizlikdən Sığorta Fondunun vəsaitləri artırılsa da, işsizlərin sığortasına ayrılan vəsait azalacaq”.
Teleqaf.com xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu bildirib.
Ekspert deyir ki, işləyənlərin və işəgötürənlərin ödənişləri hesabına formalaşan İşsizlikdən Sığorta Fondunun 2022-ci il üçün gəlirlərinin 23 milyon manatadək artırılıb 180 milyon manata çatdırılması nəzərdə tutulsa da, bundan işizlərin faydalanması imkanları məhdud olaraq qalmaqdadır: “Belə ki, işsizliyə görə sığorta ödənişləri 2020-ci ildə 10 milyon manat nəzərdə tutulsa da, onun 1,9 milyon manatı xərclənib, 2021-ci ildə 13 milyon manat nəzərdə tutulsa da, onun 8,5 milyon manatının xərclənməsi gözlənilir.
2022-ci ildə işsizliyə görə sığorta ödənişləri üzrə təyinat 8,5 mln. manat proqnozlaşdırılır ki, bu da bütövlükdə Fondun xərclərinin 4,7 faizini təşkil edir.
Təqdim edilmiş məlumata əsasən, bu Fonddan 2020-ci ildə 5 951 nəfər işsizlə cəmi 1,9 mln. manat, cari ilin 9 ayında 10 534 nəfərə, ilin sonunadək 3,1 mln. manat vəsaitin sərf edilməsi gözlənilir. Halbuki rəsmi rəqəmlərdə işizlərin sayının yüz minlərlə, qeyri-rəsmi hesablamalarda isə milyonlarla olduğu açıqlanır.
İşsizliyə görə sığorta ödənişinin adambaşına düşən orta aylıq məbləği 2020-ci ildə 319,2 manat, cari ildə isə 340,5 manat təşkil edib. Göründüyü kimi, işsizlər yenə də taleyin ümidinə buraxılıb. Onların adı ilə yığılan və formalaşdırılan Fondun heç 5 faizi də işsizlərə sığorta üçün xərclənmir”.