“Təəssüf ki, bəzi MTK rəhbərləri özlərini binanın sahibi kimi aparırlar. Unudurlar ki, həmin bina payçıların hesabına tikilib. Ona görə vətəndaşlara müraciət edirik ki, qaz təchizatı ilə bağlı heç bir ödəniş etməsinlər”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktor Ruslan Əliyev deyib.
O bildirib ki, iyulun 1-dən yeni tikilən binalara sayğaclar ödənişsiz verilir: “Qeyd edim ki, bu sayğacların qiyməti 47 manatdır. MTK-lara və qeyri-əhali üçün tikilən binalara texniki işlər ödənişsizdir. Ona görə vətəndaşdan hər hansı bir məbləğin istənilməsi qeyri-qanunidir.
Vətəndaşlar elə düşünürlər ki, MTK rəhbəri həmin binanın sahibidir. Xeyr, hüquqi cəhətdən binanın sahibi orada yaşayan vətəndaşlardır. Vətəndaşlar istənilən vaxt həmin MTK rəhbərini dəyişə və özləri istədiyi rəhbəri seçə bilərlər. Təəssüf ki, bəzi MTK rəhbərləri özlərini binanın sahibi kimi aparırlar. Unudurlar ki, həmin bina payçıların hesabına tikilib. Ona görə vətəndaşlara müraciət edirik ki, qaz təchizatı ilə bağlı heç bir ödəniş etməsinlər. Əgər ödəniş edirlərsə, bunun smetasını onlardan tələb etsinlər. MTK rəhbərləri 500-1000 manat deyə bilər. Sual olunur, həmin vəsaiti kimə ödəmisiz?”.