Bu gün Bakıda “İnternational Finance Corporation” və “FİNCA-Azərbaycan”ın dəstəyi ilə Azərbaycan Risk Peşəkarları Assosasiyasının (ARPA) “Risk Peşəkarları Forumu” keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə “İlin Risk Meneceri Mükafatı”nın təqdimatı da baş tutub.
ARPA-nın yaranma səbəbləri barədə məlumat verən “AtaBank”ın Risk Menecmenti departamentinin direktoru Elman Sadıqov bildirib ki, qurumun missiyası “risk mədəniyyəti” anlayışının inkişaf etdirilməsinə kömək etməkdən ibarətdir: “Bildiyiniz kimi 2008-ci ildən bütün dünyada, o cümlədən Azərbaycan banklarında müəyyən böhranlı vəziyyət yarandı. Azərbaycan banklarında ən böyük problemi daxili nəzarətin təmin olunmamasıdır. Əməliyyat, prosedur və proseslərin həyata keçirilməsinə 6 aydan bir müntəzəm nəzarət edilməlidir”.
Mərkəzi Bankın Potensial Siyasət və Metodologiya departamentinin direktor müavini Rüstəm Tahirov son illərdə Mərkəzi Bankın həm qlobal şəkildə, həm də yerli bank sektorunda risqlərin idarə edilməsi funksiyasını həyata keçirməklə məşğul olduğunu deyib: “Mərkəzi Bank son dövrlərdə risklərin idarə edilməsi yeniliklərini daha da artırıb. Bu yeniliklər bankların risklərinin idarəedilməsinin genişlənməsi üçündür. Bankların idarəetmə orqanlarının risklərin idarə olunmasında rolunun artırılması və yeni risklərin idarə edilməsi qaydası təsis olunub. Banklarda peşəkar kadrlar olmadan Mərkəzi Bank və bank sektoru öz hədəflərinə çata bilməz. Banklarda risk əsaslı konpensasiyaların formalaşması mexanizmləri və bank sektorunun üzləşdiyi hər bir risk növlərinin requlyativ tələblərinin əhatə olunması Mərkəzi Bankın əsas hədəfidir”.
Qeyd edək ki, forumda müxtəlif təşkilatları təmsil edən aparıcı ekspertlər, o cümlədə Mərkəzi Bank, ARDNŞ-ın, Dövlət Neft Fondunun, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Valyuta Birjası, bank və qeyri-bank sektorlarının nümayəndələri və rəhbərləri iştirak edib.
İlhamə