21 Dekabr 2021 18:08
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dirhəmi Türkiyə Mərkəzi Bankının (TMB) ticarətdə istifadə ediləcək xarici valyutalar sırasına daxil edilib.

İqtisadçı Rəşad Həsənov qərarı Teleqraf.com-a şərh edib.

O bildirib ki, Azərbaycan və Türkiyə arasında xarici ticarət əlaqələri genişlənməkdədir: “Bu da özü-özlüyündə valyuta ehtiyatının yaradılması və alqı-satqı prosesinin həyata keçirilməsi zərurəti yaradır. Türkiyə Mərkəzi Bankı (TMB) bu addımı atmaqla müəyyən qədər Azərbaycan manatının ehtiyatını yaratmaqla da bağlı qərar qəbul edib. Çünki bu ehtiyat olmalıdır ki, tələb yarandığı təqdirdə onu qarşılasın. Məlum qərar texniki bir məsələdir. Bunu ciddi bir dəyişikliyə gətirib çıxaracağını demək çox çətindir. Sadəcə mümkün qədər öz iqtisadi alətlərini genişləndirir. Yəni daha çox valyutanın alış və satışını həyata keçirmək istiqamətində bir qərara qəbul edib”.

Maraqlıdır, lirə hansı həddə qədər ucuzlaşa bilər?

Analitik hesab edir ki, lirənin ucuzlaşama ehtimalı hələ qalır: “Ötən gün (dekabrın 20-si) yeni depozit qaydaları elan edildi. Yeniliyə görə, kimsə bankda olan pulunu 6 ay TL-də saxlayarsa, onda kurs fərqinin 50 faizini, 1 il TL-ni bankda tutarsa, onda kurs fərqinin 100 faizi ödəniləcək. Ödəniləcək kurs fərqi vergilərdən azad edilib.

Bütövlükdə ölkədə əmanət depozitlərinin dəyərini xarici valyutaya bağladılar. Bu, qısamüddətli dövrdə onlara təzyiqləri neytrallaşdırmağa imkan verir. Əgər heterodoks (müxtəlif fikir, doktrina) yanaşma ortaya qoyularsa, bu zaman böyük ehtimalla TL-nin dəyərsizləşməsi prosesi davam edəcək və inflyasiya sürətlənəcək. Çünki bu gün yaranmış faktiki təzyiqlərin bütün yükünü Türkiyə Maliyyə Nazirliyi öz üzərinə götürüb. Onsuz da Türkiyənin dövlət büdcəsində valyuta təzyiqləri çox yüksəkdir. Hətta borcların qaytarılması xərcləri 10 faizin üzərinə qalxır. Çünki bir çox layihələr dollar üzərindən həyata keçirilib.

Bundan əlavə, yeni depozit qaydası bu gün əldə olan TL-nin valyutaya çevrilməsi məqsədi daşıyır. Bu istiqamətdə bütün riskləri hökumət öz üzərinə götürür. Bu da gələcəkdə Türkiyə üçün böyük maliyyə yükü yaradacaq. Dövlət borclanacaq və bu borclanma fonunda da məcburən əlavə pul emissiya edib bazara buraxacaqlar. Bu, lirənin dəyərsizləşməsi və inflyasiyanın sürətlənməsi prosesində əlavə təkanverici qüvvə kimi ortaya çıxacaq”.

Rəşad Həsənovun qənaətincə, ölkədəki bütün prosesləri valyutaya bağlamaq xəzinə üçün çox böyük yük yaradacaq: “Əvəzində emissiya (pul kəsmək) etmək məcburiyyətində qalacaqlar. Əlavə pul kütləsi də inflyasiyanı sürətləndirəcək. Əslində, toparlanma və doğru yanaşmaya qayıtma istiqamətində qərar qəbul edilməsə, böyük ehtimalla bu proses qısa və uzunmüddətli dövrdə Türkiyəni defolta belə apara bilər”.

Ekspert hesab edir ki, yeni depozit qərarı çarəsizlikdən qəbul edilib: “Normal vəziyyətdə belə bir yanaşmanı heç bir ölkə ortaya qoymur. Bu çarəsizlikdən, prosesin nəzarətdən çıxmasından yaranmış bir qərardır. Heterodoks iqtisadi yanaşmanın ən böyük cəzasını Türkiyə ödəməyə başlayır”.


Müəllif: Yeganə Oqtayqızı