Avropanın ən likvid habı olan virtual təbii qaz ticarət məntəqəsi TTF-də (Hollandiya) mart fyuçers müqavilələrinin qiyməti 15 faiz azalıb.
Teleqraf.com xəbər verir ki, fevralın 15-də 83,60 avroya qədər yüksələn mart ayı təbii qaz fyuçers müqavilələri yüksələrək günü 80,77 avro ilə bağlayıb.
Bu gün təbii qazın qiyməti dünənki bağlanışla müqayisədə 15 faiz azalaraq 68,50 avrodan alınıb.
Avropa istehlak etdiyi təbii qazın təxminən 40 faizini, yəni 175 milyard kubmetrini Rusiyadan idxal edir. Rusiya isə bu qitəyə qazını əsasən Belarus və Polşadan keçən Yamal-Avropa, Baltik dənizindən istifadə edən “Şimal axını” boru kəmərləri və Ukrayna vasitəsilə göndərir.
Aİ Komissiyasının rəsmiləri bildirirlər ki, üzv ölkələrin qaz idxalının 40 faizi Rusiya, 38-39 faizi isə Norveç tərəfindən qarşılanır.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında gərginliyin azalması neftin ucuzlaşmasını da sürətləndirib.
Belə ki, ötən gün 96,26 dollara kimi bahalaşan Brent markalı neftin bir barelinin qiyməti bu gün 2,90 faiz azalaraq 93,56 dollara satılıb.