“Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu tarixi hadisədir. Yeni Anlaşma Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanın Muxtar Respublikası arasında, bütövlükdə regionda yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin reallaşmasını özündə əks etdirir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədən keçəcək”.
Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Anlaşmaya əsasən, ən azı gündəlik 1000 ədəd yük nəqliyyatı qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsi tikiləcək: “Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürür. Burada da əsas məqsəd yeni yaradılacaq dəhlizdən daha səmərəli şəkildə istifadə etməkdən ibarətdir”.
İqtisadçı deyir ki, 2020-ci il noyabrın 10-da bağlanan üç tərəfli anlaşmadan keçən müddətdə Ermənistan Zəngəzur dəhlizinin qısa zamanda yaradılmasına əngəl törətdi: “Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinin reallaşması ilə bağlı Azərbaycan uzun müddət iş aparıldı. Amma təəssüf ki, fərqli açıqlamalarla Ermənistan bu dəhlizin reallaşmasını yubatmağa çalışdı. Əslində Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməsi iqtisadi baxımdan bu ölkənin özü üçün faydalı idi. Amma reallıq bundan ibarətdir ki, Ermənistandakı revanşist meyllər və hakimiyyət iqtisadi baxımdan öz ölkəsi üçün xeyirli olan layihənin əhəmiyyətini anlamadı.
Nəticədə Azərbaycan Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçən yeni kommunikasiya bağlantısı yaratmalqa öz planlarını reallaşdırdı və yenidən Ermənistan mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı”.
Vüqar Bayramovun qənaətincə, Zəngəzur dəhlizi bütövlükdə regionun inkişafına xüsusi töhfə verəcək: “Bu, nəqliyyat, rabitə və kommunikasiya, eləcə də elektrik enerjisinin ixracatı baxımından yeni bir dəhlizdir. Eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR-nın quru nəqliyyat vasitəsinə inteqrasiyasıdır. Bütövlükdə regionun inkişafına xidmət edəcək və Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq regional bir layihədən söhbət gedir. Bu, həmçinin Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyini daha da güclənməsinə xidmət edəcək”.
Analitikin sözlərinə görə, Rusiyaya tətbiq edilən sanksiyalardan sonra region üzərindən daşınan beynəlxalq yüklərin həcmində artımlar olacaq: “Yeni nəqliyyat dəhlizinin Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunması da, nəticə etibarilə beynəlxalq yükdaşımaların həcmini artıracaq. Təbii ki, nəticədə Azərbaycanın beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirlərdə də artımlar olacaq.
Yeni Zəngəzur dəhlizi Azərbaycan üçün həm iqtisadi, həm siyasi, həm də ölkəmizin mövqelərinin gücləndirilməsi baxımından əhəmiyyətli bir layihədir. Bu, Azərbaycan diplomatiyasının yeni qələbəsi kimi xarakterizə olunmalıdır.
Bu bir daha təsdiq edir ki, Azərbaycan regionla layihələrin reallaşmasında söz sahibliyi mövqeyini qoruyub saxlayır. Əvvəlki dövrlərdə də reallaşan enerji və nəqliyyat layihələri də məhz birbaşa Azərbaycanın çəkisi ilə həyata keçirilmişdi. Təbii ki, bu da Azərbaycanın bütövlükdə regionun təhlükəsizliyinin formalaşmasında rolunun artmasına və ölkəmizin geosiyasi mövqeyinin daha gücləndirilmsinə xidmət edir”.