20 Aprel 2022 21:43
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurumlardan 869 milyon manatlıq vəsait silinib.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

“869 milyon manatlıq vəsait aktivlərin tanınması üçün xərclənib. Bizim yoxlamalar zamanı isə məlum olub ki, həmin aktivlər tanınmayıb, sadəcə, pul silinib. Bununla bağlı təşkilatların, qurumların qarşısında şərt qoyulub və bu vəsait büdcəyə bərpa olunmalıdır. Çünki bu vəsait dövlət büdcəsindən ayrılıb ki, müəyyən iş həyata keçirilsin”- deyə Palata sədri bildirib.

Qeyd edək ki, Hesablama Palatası Mərkəzi Seçki Komissiyasının (MSK) 2020-ci il üzrə maliyyə əməliyyatları və hesabatlarının auditinin nəticələrini açıqlayarkən pozuntular aşkarlandığını elan edib. "Dövlət qulluğu haqqında" qanunun tələblərinə uyğun həyata keçirilməli olduğu halda, 50 nəfər işçi dövlət qulluğunun inzibati vəzifələrinə birbaşa təyin edilməklə dövlət qulluqçusu kimi işə qəbul olunub və onlara əməkhaqqı ilə yanaşı dövlət qulluqçuları üçün nəzərdə tutulmuş əlavələr ödənilib.

Bundan əlavə, Palatanın hesabatına görə, ötən il Təhsil Nazirliyində dövlət ehtiyaclarının həcminin tam qiymətləndirilməməsi, mövcud imkanların nəzərə alınmaması və malların xüsusiyyətlərinin dəqiq müəyyənləşdirilməməsi alınmış malların bəzi hallarda istifadəsiz saxlanılmasına səbəb olmaqla səmərəsiz və artıq xərclərə gətirib çıxarıb.

Maraqlıdır, Palatanın həmin vəsaitin büdcəyə bərpa olunması ilə bağlı təşkilatlar, qurumlar qarşısında qoyduğu şərtə əməl olunacaqmı?

İqtisadçı Rəşad Həsənov məsələni Teleqraf.com-a şərh edib.

O bildirib ki, hesabatla tanış olmasa da, sözügedən məqam qeyri-adi bir məsələ deyil: “Azərbaycanda büdcə vəsaitlərinin istifadə edilməsində müşahidə edilən çox təəccüb doğuran hal deyil. Bir çox hallarda silinmələrə yol verilir. Hesablama Palatasının yaradılmasında əsas məqsəd silinmələr, korrupsiya məqsədli, eləcə də qeyri-təyinat üzrə istifadələr kimi halların aşkara çıxarılması və həmin vəsaitlərin büdcəyə bərpa prosesinin təmin edilməsidir.

Doğrudur, qurumun bu istiqamətlər üzrə nə dərəcədə uğurlu olması başqa bir məsələdir. Amma müəyyən mənada vəsaitlərin bərpasında öz gücündən istifadə etsə də, bəzi hallarda bu mümkün olmur. Çünki Hesablama Palatası bu məsələlər haqqında topladığı məlumatların hesabatını aidiyyəti qurumlara təqdim edən və Baş Prokurorluq tərəfindən cinayət işinin qaldırılması ilə bağlı təşəbbüsləri hazırlayan bir tərəfdir. Eyni zamanda qurumlar qarşısında həmin vəsaitlərin dövlət büdcəsinə bərpası tələbini qoymaq Hesablama Palatasının funksiyasıdır. Palata sonrakı proseslərdə iştirak edə bilmir”.

Analitik deyir ki, əgər vəsaitlərin təyinatı üzrə istifadə olunmamasına dair faktlar dəqiqləşibsə, bu zaman həmin vəsaitlərin müəyyən bir qisminin büdcəyə bərpası mümkün olacaq:

“Amma nəzərə almaq lazımdır ki, korrupsiya və rüşvət yolu ilə əldə edilən vəsaitlər də çox rahat şəkildə xərclənir. Bir çox hallarda həmin vəsaitlərin bərpa edilməsi mümkün olmur və proses növbəti mərhələyə keçir. Yəni Hesablama Palatası cinayət işinin başlaması üçün Baş Prokurorluğa müraciət edir. Ümid edirəm ki, Baş Prokurorluq səlahiyyətləri çərçivəsində həmin şəxslərin əmlakının müsadirə olunması kimi cəzalandırma üsulları ilə vəsaitlərin bir qisminin bərpasına nail olacaq. Amma əminəm ki, 869 milyon manat vəsaitin tam olaraq büdcəyə qayıtması mümkün olmayacaq”.


Müəllif: Yeganə Oqtayqızı