5 May 2022 15:29
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər veridiyimiz kimi, mayın 4-də ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FRS-FES) faiz dərəcəsini artırıb. FES-in qərarına əsasən illik dərəcə 0,75 – 1% həddində müəyyən edilib.

Qeyd edək ki, FES cari ilin mart ayında verdiyi qərarla faiz artımını 25 baza bəndi artıraraq illik 0,25-0,5%-ə çatdırmıdşı.

İqtisadçı Xalid Kərimli qərarı Teleqraf.com-a şərh edib.

O deyir ki, FES-in faiz dərəcələrini artırması qərarı bazarlar üçün sürpriz olmadı: “FES gözləntilərə uyğun davrandı. Hətta 2000-ci illərdən sonra ilk dəfə 25% bəndi yox, 50% bəndi artırdı. Bu, son 22 ildə ilk belə hadisədi. Bunu da bazarlar gözləyirdi, çünki FES inflyasiyanı kontrol altına almağı əsas hədəf kimi götürüb. FES-in qərarından sonra dolların avro qarşısında bir qədər ucuzlaşmasını müşahidə etdik.

Ümumiyyətlə, tək avro qarşısında yox, həm də dolların məzənnəsini müəyyənləşdirən səbət valyutalar qarşısında da bir qədər ucuzlaşdığını gördük. Ancaq buna qədər dollar bahalaşırdı.

Ölkələrin valyuta və pul-kedit siyasətləri fərqlidir. Avropa Mərkəzi Bankı (AMB) hələ də ucuz pul siyasəti həyata keçirir, hələ də nəinki faizi qaldırmaq, hətta iqtisadiyyatı stimullaşdırmaq üçün dövriyyəyə avro buraxır. Bu ilin yanvar ayında AMB-ı daha sərt pul siyasətinə keçid elan etsə də, sonradan Rusiya-Ukrayna müharibəsi məsələləri bir qədər ləngitdi.

Avropa hələ də ucuz pul siyasətini həyata keçirir. Gözləntilər iyunun axırlarına kimi ucuz pul siyasətinin başa çatıb, üçüncü rübdən bahalı pul siyasətinə keçid etməkdən ibarətdir”.

İqtisadçı toplantıdan sonra FES sədrinin bəyanatına da diqqət çəkib: “Bazarları narahat edən suallardan biri FES-in daha da aqressiv pul siyasəti həyata keçirib-keçirməyəcəyi yönündə idi. Çünki FES-in faiz dərəcəsini hətta 75% bəndi artıracağına dair gözləntilər var idi. Ancaq FES bunu İdarə Heyətinin sədri Cerom Pauelun timaslında inkar etdi ki, birdəfəyə 75% bənd artım müzakirə mövzusu deyil. Buna görə bazarlar bir qədər rahatladı.

Bazarları digər narahat edən məsələ, FES-in həddən artıq aqressiv siyasətinin iqtisadi artımı ləngidəcəyi və işsizlik problemi yaradacağı yönündə qayğılar idi. Ancaq Cerom Pauelin müsahibəsindən başa düşdük ki, FES inflyasiyanı iqtisadi artıma, məşğulluğa ziyan vurmadan kontrol altına alacağına əmindir”.

Xalid Kərimlinin qənaətincə, FES-in daha sərt faiz və pul siyasətinin öncül olması, dolları bahalaşdırmaq trendində saxlayır: “Burada başqa faktorlar da var. Avropa Mərkəzi Bankının iclasını da müşahidə edəcəyik. Buradakı bəyanatları, eləcə də Yaponiya, Çin, Avstraliya və digər aparıcı ölkələrin pul siyasətini biləndən sonra dolların bundan sonrakı hərəkətini daha açıq müşahidə etmək olacaq. İstənilən halda dollar artım trendindədir. Avropada müharibə və FES-in israrla inflyasiyanı kontrol altına almaq səyləri, dolların ucuzlaşmasını müşahidə etməyəcəyimizi deməyə imkan verir. Təxminən 3-5%-lik korreksiyalar ola bilər, ancaq dollar il sonunu artımla başa vuracaq”.

Analitikin sözlərinə görə, dollar Azərbaycanın həm ticarət balansında, həm də manatın məzənnəsinin müəyyənləməsində əhəmiyyətli rol oynayır: “Çünki manat dollara mismarlanıb. Dolların faiz dərəcəsinin artırılmasını avtomatik olaraq manatın faiz dərəcəsinin artması kimi də təsvir etmək olar. Çünki dolların bahalaşıb ucuzlaşması manatın da bahalaşmasına və ucuzlaşmasına təsir göstərir. Manat indiki halda 1,70 dollar miqyasındadır.

Uzunmüddətli dönəmdə dollardan asılı qalmaq Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil. Amma hazırkı məqamda neft qiymətləri yüksəkdir. Bundan əlavə, Azərbaycanda 12,2% inflyasiya var, bu da çox yüksəkdir. Bütün bunlar onu deməyə imkan verir ki, dolların faiz dərəcəsinin artmasına baxmayaraq, il sonuna qədər devalvasiya ehtimalı çox aşağıdır. Çünki hazırda həm neft-qazın qiymətləri, həm də inflyasiya yüksək səviyyədədir. Manat devalvasiyaya uğraması arzuolunan deyil, bu, inflyasiyanı daha da sürətləndirər. Hər iki faktor, üstəlik tədiyyə balansının yaxşı olması manatın uzuclaşmayacağını deməyə imkan verir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər