“Avro dollara və əksər səbət valyutalara nisbətən dəyər itirməkdə davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan gün dollara nisbətən 1.13 məzənnəsi ilə dəyişdirilən avro artıq 1.04 kursadək ucuzlaşıb. Bu, avronun müharibə başlayandan sonra 14 faiz dəyərsizləşməsi deməkdir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, avronun ucuzlaşması daha çox sanksiyaların Avropa iqtisadiyyatına təsirləri ilə bağlıdır: “Bir tərəfdən enerji məhsullarının qiymətindəki artım real sektora təsirsiz ötüşmür. Digər tərəfdən, Avropa qitəsində davam edən müharibə ittifaq ölkələrinin iqtisadi artım faizlərini azaldıb.
Bu ilin ilk 4 ayında Avropa İttifaqında enerji məhsullarının qiymətində 38 faiz artım qeydə alınıb. Ötən ay isə Avropa İttifaqında son 30 ilin ən yüksək inflyasiyası qeydə alınıb. İstehlak bazarında ümumi qiymət artımı 7.5 faizə yüksəlib. 2022-сi il üçün 3.7 faiz artım proqnozlaşdırılan avrozonada ÜDM bu ilin birinci rübündə cüzi artıb. Bütövlükdə, müharibə uzanarsa, 2022-ci ildə iqtisadi artımın hətta 2 faizdən az olacağı gözlənilir”.
Vüqar Bayramovun sözlərinə görə, müharibə uzandıqca avronun ucuzulaşması davam edəcək: “Hələlik Avropa Mərkəzi Bankı avronun məzənnəsinə təsir edəcək addımlar atmaqda israrlı görünmür. Bu isə o deməkdir ki, hələlik avronun əvvəlki mövqelərinə qayıtması mövcud şərtlər daxilində real deyil. Müharibənin ən çox neqativ iqtisadi təsir etdiyi qitə isə sözsüz avronun işləndiyi Avropa olaraq qalmaqdadır”.