5 Sentyabr 2022 12:44
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla Orta Asiyada yerləşən türk dövlətləri arasında iqtisadi əlaqələr son illər ciddi şəkildə genişlənməkdədir. Bu ilin ilk yarısında ölkəmizin 4 türk dövləti ilə ümumi ticarət dövriyyəsi 544.360 milyon dollar olub və bu, 2021-ci il üçün ümumi dövriyyəsindən 66.5 faiz çoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat türk dövlətləri ilə Azərbaycanın hədəflərinin geniş, imkanların isə böyük olduğunu qeyd edib: “Azərbaycanla Qazaxıstan arasındakı ticarət dövriyyəsi 326.673, Türkmənistan ilə 125.910, Özbəkistan ilə 87.478, Qırğızıstan ilə isə 4.229 milyon dollar olub. Qeyd edək ki, 2021-ci il ərzindəki ölkəmizin adıçəkilən türk dövlətləri ilə 361.743 milyon dollarlıq ticarət dövriyyəsində Qazaxıstan 135.799, Türkmənistan 105.023, Özbəkistan 111.903, Qırğızıstan isə 9.018 milyon dollar paya malik idi.

Əlaqələrin dərinləşməsində birbaşa qarşılıqlı əməkdaşlıq və Türk Dövlətləri Təşkilatı çərçivəsindəki koordinasiya xüsusi töhfəyə malikdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci ilin noyabr ayında Türk Dövlətləri Təşkilatına çevrilməsi və Türk İnvestisiya Fondunun təsis edilməsi də ticari-iqtisadi əlaqələr xüsusi təkan verdi.

Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsində ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin xüsusi rolu var. Belə ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə gəlişini xüsusi qeyd etmək lazımdır. Ölkələr ticarət dövriyyəsini daha da artırmağı əsas hədəflərdən biri olaraq müəyyənləşdiriblər. Azərbaycan Qazaxıstanla ticarət dövriyyəsini 2 dəfə artıraraq 1.0 milyard dollar çatdırmağa, Türkiyə ilə isə növbəti 2 ildə 15 milyard dollarlıq ticari əməkdaşlığa nail olmağa çalışır.

Hədəflər genişdir, imkanlar böyük. Türk dövlətlərinin birgə daha böyük regional uğurlara imza atacağı şübhəsizdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər