Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,9 milyona yaxın istifadəçi qeydə alınıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Qeyd edək ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
Hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının sayı 74.242-dir. 2022-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 307 milyon 568,9 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 faiz çoxdur.