Azərbaycanda 50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməsini təşkil etmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub.
Hüquqşünas Əkrəm Həsənov Teleqraf.com-a açıqlamasında, sözügedən qanun layihəsinin Milli Məclisin saytında olmadığın bildirib.
O qeyd edib ki, qanun layihəsi ilə tam tanış olmamış fikir bildirmək düzgün sayılmaz: “Məhdudiyyətin qanun layihəsində hansı şəkildə ifadə olunduğu bilinmir. Lakin ümumən deyə bilərəm ki, Azərbaycan qanunvericiliyində, Mərkəzi Bankın qaydalarında valyuta köçürmələrinə görə məhdudiyyətlər var. Amma onların pozulmasına görə məsuliyyət ya qanunda yoxdur, ya da tam aydın təsbit edilməyib. Bu baxımdan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz pul köçürülməsinə məhdudiyyətin tətbiq edilməsi yaxşı haldır. Bütövlükdə əgər məhdudiyyət varsa, onun pozulmasına görə də məsuliyyət olmalıdır”.
Məsələnin niyə indiki dövrdə aktuallaşmasına gəlincə, Əkrəm Həsənov bunun dünyada gedən proseslərlə əlaqəli olduğunu güman edib: “İqtisadi vəziyyət dövləti ölkədən valyuta axınının qarşısını daha sərt şəkildə almağa vadar edir.
Ölkədə bu kimi limitlər çoxdur. Bir misal çəkim. Limitə görə, bir nəfər heç bir səbəb göstərmədən 1000 dollar, ay ərzində isə 10 000 dollar köçürə bilər. Eyni zamanda təhsilə görə ondan da çox məbləğlər köçürmək olur. Qanunsuz köçürmə dedikdə kiminsə təhsil haqqı adı ilə başqa məqsədlər üçün köçürdüyü vəsait başa düşürəm. Tutaq ki, qanunda 50 min manat köçürülmə nəzərdə tutulur. Əgər kimsə 40 min köçürmə edirsə, onu Cinayət və ya İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət gözləməyəcək. Hələlik müzakirə olunan məsələnin bu hissəsi başa düşmürəm. Niyə belə olmalıdır? Əgər qanunsuz köçürmə varsa, məbləğin az və ya çox olmasının fərqi nədir? Qanunsuz elə qanunsuzdur. Ona görə də qanun layihəsini görmədən konkret fikir söyləmək çətindir”.