Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan etməsindən sonra ruslar qonşu ölkələrə qaçmaqda davam edir. Rusların gedə bildiyi ölkələr sırasında Türkiyə ilk yerlərdə dayanır. Onların üz tutduğu ölkələr arasında Gürcüstan, Qazaxıstan və Azərbaycan da var.
Maraqlıdır, rusların Azərbaycana gəlməsi ölkədə hansı yeniliklərə yol aça bilər?
İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a açıqlamasında bunun çox mürəkkəb bir məsələ olduğunu bildirib.
Ekspertin müşahidələrinə əsasən, son bir neçə gündə Qazaxıstan, Gürcüstan Rusiyadan köç edənlərin sayını açıqlasa da, təəssüf ki, Azərbaycan bu barədə statistikanı ictimailəşdirməyib: “Ona görə də hələlik bu istiqamətdə ciddi hesablama aparmaq mümkün deyil. Amma ölkəmizə Rusiyadan gələnlərin sayının artacağı ehtimal olunur. Düşünürəm ki, Azərbaycan daha çox qısamüddətli dövrdə məskunlaşma üçün seçilən ölkələrdən olacaq. Ola bilər ki, Azərbaycan əsilli Rusiya vətəndaşları gəlib burada qalsın. Hansılar ki, onlar böyük vəsaitlərlə gəlməyəcək, çünki əksəriyyəti orada daha çox muzdlu əmək bazarının iştirakçısı olublar.
Bu da öz növbəsində Azərbaycana göndərilən remitenslərin həcminə mənfi təsir göstərir. Rusiya bu istiqamətdə əsas mənbə ölkələrindən biri idi. Son 6 ayda ölkəyə gələn remitenslərin 80 faizi Rusiyanın payına düşür. Əgər o şəxslər Azərbaycana qayıdacaqlarsa, deməli, buradakı ailələrinə pul göndərə bilməyəcəklər. Belə olan halda ölkənin xüsusən cənub-qərb bölgələrində - Lənkəran, o cümlədən Gəncə-Qazax iqtisadi rayonlarında əhalinin alıcılıq qabiliyyəti, ailə təsərrüfatlarının gəlirləri əhəmiyyətli dərəcədə aşağı düşəcək”.
Analitik hesab edir ki, həmin insanlar əmək bazarında əlavə bir yük yaradacaqlar: “Əmək bazarında rəqabət daha da dərinləşəcək. Ola bilsin ki, proses müəyyən istiqamətlərdə əməkhaqqı səviyyəsinin azalmasına qədər davam etsin.
Amma Rusiyadan vəsaitlə gələn azərbaycanlılar, o cümlədən qeyri ölkə vətəndaşları böyük ehtimalla əsas məskunlaşma ölkəsi kimi, Azərbaycanı seçməyəcəklər. Çünki buradakı investisiya mühiti, xüsusilə də xarici vətəndaşların ölkədə fəaliyyət göstərməsi imkanlarını çətinləşdirir. Ola bilər ki, bu şəxslər növbəti destinasiya olaraq Türkiyə və yaxud Gürcüstana gedəcəklər”.
Rəşad Həsənov indiki şərtlər daxilində Rusiya mənşəli miqrantların Azərbaycanda məskunlaşmamasının daha yaxşı olduğunu deyir:
“Orta və uzunmüddətli dövrdə bu məskunlaşmanın siyasi fəsadlarının daha çox olacağını düşünürəm. Rusiya heç bir hüquqa sığmayan aqressiv siyasət həyata keçirir. Rusiya köçüb ölkəmizdə yaşayan ruslardan hansısa formada Azərbaycana təzyiq aləti kimi istifadə edə bilər. Yəni bu imkanı gözardı etməmək lazımdır. Yəni, orta və uzunmüddətli dövrdə rusmeylli icmanın təsir gücünün artması istiqamətindəki nəticəni nəzərə alanda, onların Azərbaycanda məskunlaşmasını heç arzu etmirəm”.