10 Fevral 2023 11:51
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəlzələdə Türkiyəyə dəymiş zərərin “Fitch Ratings” agentliyi tərəfində 4 milyard dollar həcmində qiymətləndirilməsi birmənalı qəbul edilə bilməz. 7 000-ə yaxın bina tam dağılıb, yollar yoxa çıxıb, infrastruktur, istehsal sahələri yerlə yeksan olub, dəyər zəncirinin əsaslı hissəsi sıradan çıxıb, təchizat prosesi dayanıb və sair. Maddi zərər yaradan səbəblər hədsiz çoxdur. Hələ nə qədər insanların mülkünə, şəxsi əşyalarına və binaların zədələnməsinə dair məlumat yoxdur. Odur ki, dəymiş ziyanın 100 milyard dolları ötəcəyini istisna etmirəm”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

Ekspert mənəvi zərbənin maddi zərərdən az olmadığı qənaətindədir: “Həlak olanların sayı durmadan artır. Say on minlərlə ölçüləcək. Qeyri-rəsmi məlumata görə, dağıntılar altında 190 minədək insan qalıb. Soyuq hava və zamanın uzanması dağıntılar altından insanların sağ çıxarılma ümidlərini azaldır”.

İqtisadçı hesab edir ki, dəymiş zərər Türkiyə ümumi daxili məhsulun (ÜDM) 10%-i ötə bilər. 2022-ci ildə Türkiyənin ÜDM-i 853.49 milyard dollar olmuşdu. Bu il isə bunun 941.55 milyard dollar olması proqnoz olunurdu. Lakin zəlzələ bu proqnozun da gercəkləşməsinə imkan verməyəcək.

Türkiyənin 2023-cü ildə büdcə xərclərinin 4 trilyon 470 milyard TL, büdcə gəlirlərinin isə 3 trilyon 810 milyard TL proqnoz edilib. Büdcə kəsirinin isə 660 milyard 901 milyon TL olacağı təxmin olunurdu. Bu isə hazırkı kursla 237 milyard dollar xərc, 202 milyard dollar gəlir, 35 milyard dollar kəsr deməkdir”.

Eldəniz Əmirovun hesablamalarına görə, dəymiş ziyan 100 milyard dollar olarsa, bu, Türkiyənin ÜDM-nin 12%-ə qədəridir: “Eyni zaman da illik büdcə gəlirlərinin təxminən yarısına, daha dəqiq 49,55%-nə bərabər olacaq. Bu xərcləri qarşılamaq üçün lazım olan vəsait illik büdcə kəsrini qapatmaq üçün lazım olan vəsaitdən təxminən 3 dəfə çoxdur. Odur ki, dəymiş ziyanı yalnız büdcə vəsaitləri hesabına aradan qaldırmaq mümkün olmayacaq. Hətta büdcə kəsrinin indikindən ortalama daha 20% artırılması belə, bu işlər üçün 12 il zaman tələb edəcək. Buna görə də əlavə maliyyə mənbələrinə ciddi ehtiyac yaranacaqdır.

Təbii ki, bu, qardaş ölkənin taleyində ciddi anlamda dəyişikliyin baş verməsi demək deyil. Türkiyə kimi bir dövləti bir zəlzələnin yaratdığı fürsətlə sarsıtmaq mümkün deyil. Sadəcə bu zəlzələ Türkiyəni öz strateji hədəflərində bir neçə il ləngidəcək. Lakin missiya və strategiyanın dəyişməyəcəyi dəqiqdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər