2 Mart 2023 16:49
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramının qeyd olunmasına sayılı günlər qalıb. Bayramla əlaqədar Bakının müxtəlif ərazilərində yarmarkalar fəaliyyətə başlayıb, amma bayram bazarlığı üçün ölkə əhalisinin bu çadırlara axını hələlik müşahidə olunmur. Bunun ilk səbəbi mağazalarda satılan istehlak məhsulları ilə yarmarkalarda təklif olunan məhsul qiymətləri arasında ciddi fərqin olmamasıdır.

Ənənəvi olaraq Azərbaycanda hər dəfə bayram ərəfəsində qiymətlərdə nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Ötən il qeydə alınan kəskin inflyasiya və qiymət artımları bu il də həll olunmamış qalır.

Ekspertlərin ehtimallarına görə, Novruz ərəfəsində qiymət artımı sürətlənəcək.

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, ötən il dayanmadan qiymət artımı müşahidə olundu və 14 faizə yaxın inflyasiya qeydə alındı.

O, son üç ayın qiymət indeksinə əsaslanaraq aylıq zəmində inflyasiyanın artdığını deyib: “Hələlik qiymət artımının dayandığı müşahidə olunmur. Xüsusən də ərzaq sektorunda proses hələ bitməyib. Ərzaq məhsulları inflyasiyanın əsas drayveri olaraq qalır.

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ardıcıl 10 aydır özünün elan etdiyi ərzaq qiymətləri indeksində azalma elan edir. ÜTT son rəqəmlərini martın 3-də elan edəcək. Baxmayaraq ki, ötən ilin fevral ayı ilə müqayisədə dünya bazarlarında ərzaq qiymətlərində 18 faizə qədər azalma var, amma Azərbaycanda bu prosesin əksi gedir.

Ucuzlaşmanı hiss etmək üçün zaman lazımdır ki, dünya bazarında əmtəə qiymətinin dəyişməsi piştaxtalara gəlib çatsın.

Digər bir səbəb Azərbaycanda bazarların yaxşı işləməməsidir. Çoxlu mağaza, dükan görə bilərik, amma satış şəbəkələrində və ölkəyə məhsul gətirən idxalçılarda inhisarlaşma var. Qiymət artanda mağazalarda sürətli şəkildə əks etdirilir, amma qiymət enəndə bunu etməkdə çətinlik çəkirlər. Təbii ki, müştərini yeni qiymət səviyyəsinə adaptasiya etdirəndən sonra alış qiymətləri aşağı düşəndə onlar çox ləng addım atırlar.

Məcbur olmadıqca qiymət endirimini mağazalarda əks etdirmir, vəziyyətdən istifadə edib daha çox pul qazanmaq istəyirlər. Dövlət burada xüsusən monopolist və inhisarçıların üzərində nəzarətini gücləndirməlidir. Hətta lazım gələrsə, onların qiymət müəyyən etməsinə də müdaxilə olunmalıdır. İnhisarçıları müəyyənləşdirmək hökumətin birbaşa borcudur.

Tutaq ki, bir şəxsin qayınanasının, yoldaşının və ya yaxınlarının adına şirkətləri var. Həmin şirkətlər müxtəlif adlarda, ancaq bir nəfərin kontrolunda məhsul idxal edib, eyni qiymət siyasəti həyata keçirə bilərlər. Rəhbər şəxs kağız üzərində inhisarçı deyil, amma faktiki olaraq tək əldir, sadəcə müəssisələrini fərqli adlarla qeydiyyatdan keçirib. Bu zaman faktiki vəziyyəti müəyyənləşdirib onlar üzərində kontrolu təmin etmək lazımdır ki, qiymət düşəndə də alıcı hiss etsin”.

Analitik tək bayramlarda deyil, ənənəvi olaraq fəsil dəyişəndə də qiymət dəyişikliklərinin olduğunu vurğulayıb: “Xüsusən təntənəli bayram ərəfəsində alıcılar çox xərcləməyə meyllənirlər, alışın həcmini artırırlar. Nəticədə mövsümün təsiri altında kənd təsərrüfatı məhsullarında müəyyən bahalaşma müşahidə olunur. Alış həcminin və tələbatın artması bir səbəbdir, eyni zamanda mart ayında məhsul yığımı olmur, bu dövrdə bazarlara sentyabr, oktyabr, noyabr aylarında tədarük olunan məhsullar çıxarılır.

Adətən qiymətin ən yüksək səviyyəsi bu dövrdə müəyyənləşir. Aprel, may ayından isə faraş məhsullar bazara çıxır. Yəni təbii bazar konyunkturasına uyğun olaraq tələbatın artması, satıcılara qiymət artımına getməyə imkan verir. Bu, daim təkrarlanan bir proses olduğuna görə o qədər də gözlənilməz olmur”.

Xalid Kərimli 2022-ci ildə Mərkəzi Bankın növbəti il üçün inflyasiyanın 7 faizin altında olacağına dair proqnozunu da xatırladıb: “Amma ilin ilk ayında inflyasiya gözləntilərini daha da artırdı. Çünki düşünür ki, 6.9 faiz inflyasiya proqnozunu tutdura bilməyəcək. Görünən odur ki, ölkədə 2023-cü ildə də inflyasiya davam edəcək. Doğrudur, ötən ilki kimi fantastik olmasa da, qiymət səviyyəsi enməyəcək. Ötən il artmış qiymətlərin üzərində yeni artımların əlavə olunması ciddi problemdir. Ümumiyyətlə, mərkəzi banklar həm dünya səviyyəsində, həm də ölkə miqyasında inflyasiyanı nəzarət altına ala bilmir”.

İqtisadçı hesab edir ki, yarmarkalar qiymət artımının qarşısını almaqda qeyri-effektiv alətdir: “Əgər hökumətin qiymət artımının qarşısını almaq kimi bir marağı varsa, mövcud bazarlardan bir aylıq icarə haqqı almaz, nəticədə qiymətlərə endirim şərti qoyar. Yaxud bayram günlərində bazarlara başqa variantlar, stimullar tətbiq edə bilər. Tutaq ki, “ƏDV geri al”ın həcmini kampaniya şəklində bir həftəlik artıra bilər.

Amma Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi bu cür yarmarkalar bazara heç bir təsir göstərmir. Hər şey təbliğat aparıldığı kimi deyil, fermer gətirib məhsulu öz bazarında satır, həmin tacirlər məhsulu o biri tərəfdən götürüb bu tərəfdə dayanırlar. Sadəcə daşıma xərci, yer haqqı almadıqları üçün süni şəkildə cüzi qiymət dəyişir. Bu da bazarda oyun qaydalarına zərər vurur. Başqa bir mikro sahibkar öz imkanları çərçivəsində 5-10 manat qazanmağa çalışır, amma kimlərsə dövlət büdcəsi hesabına rəqabət aparır. Başqa sözlə, yarmarkalar qısamüddətli və qeyri-effektiv bir addımdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər