“Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Hazırda şəhərdə intensiv şəkildə yaşayış binalarının inşaatı həyata keçirilir. Gələn ilin əvvəllərində şəhərdə mindən çox ailənin məskunlaşacağı təxmin olunur. Bütövlükdə 2040-ci ilədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat deyib ki, yeni şəhər işğaldan əvvəlki şəhərlə müqayisədə daha geniş əraziyə malik olacaq: “Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək.
Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Füzulidə 21 hektarlıq Mərkəzi Park da salınacaq və şəhəri əhatə edən yüksəklikdə Bayraq Meydanı yaradılacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur”.
Vüqar Bayramovun sözlərinə görə, şəhərdə çoxmərtəbəli binalarla yanaşı az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək: “Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. Qarabağ bərpa olunur və yenidən qurulur. Artıq 30 illik həsrətdən sonra sakinlər mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar. Bu dəfə daimi”.