10 Avqust 2023 13:56
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Plastik kartlarla xaricə gedənlər artıq yeni dəyişikliklərə diqqət etməlidir. Mərkəzi Bank “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik edib. Dünəndən qüvvəyə minmiş yeni qaydalara əsasən, Azərbaycanda emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min dollar ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması mümkün olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min dollardan artıq məbləği nağdılaşdırdıra bilməz: “Bu, ölkə hüdudlardan kənarda kartlardan vəsaitin nağdılaşdırması ilə bağlı aylıq limitlərin tətbiqi anlamına gəlir. Bu baxımdan, xarici səfərlər zamanı nağd pula ehtiyacı olan vətəndaşlarımızın bu limiti öncədən nəzərə alması vacibdir”.

Digər dəyişikliyə toxunan iqtisadçı bildirib ki, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq hədlə əvəzlənib: “Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Eyni zamanda, bu xərc vətəndaşların təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı kimi də nəzərdə tutulub”.


Müəllif: Yeganə Oqtayqızı