5 Sentyabr 2023 17:39
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,13 ABŞ dolları, yaxud 1,21% artaraq 94,63 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçersləri 88,97 ABŞ dollarına satılıb.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Neft hasilatının azaldılması ilə bağlı müsbət proqnozlarla yanaşı, bunun digər sahələrdə qiymət artımına və inflyasiyanın sürətlənməsinə səbəb olacağı ehtimal edilir.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Teleqraf.com-a bildirib ki, neftin hazırkı qiyməti 90 dollara yaxınlaşır.

Ekspert qeyd edib ki, hazırda ICE London qitələrarası birjasında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 88.28 ABŞ dolları təşkil edir: “London birjasında ən yüksək qiymət 89.06 ABŞ dolları olub. Gün ərzində limanlardan "Azeri Light" markalı neft bir partiya yola salınır. "Azeri Light"in qiyməti həmişə “Brent” markalı neftdən yüksək olur.

Ölkəmizdə müxtəlif kontraktların qiyməti Azərbaycan neftinin qiyməti kimi açıqlanır. Əslində burada “FOB” (Free On Board) yəni, “gəmi göyərtəsində təhvil” qiymətləri, başqa sözlə, əmtəənin satıcıdan alıcıya çatdırılması zamanı terminaldan yükün götürülməsi nəzərdə tutulur. Bizim açıqladığımız qiymətlər “CIF” (Cost, Insurance and Freight) yəni, “çatdırılma xərci və sığorta ödənmiş limanda təhvil” kontraktlarıdır. Yəni, SOCAR Tradingin tankerinə yüklənən məhsul alıcının istədiyi limana daşınır. Burada çatdırılma müddətində sığorta, tankerə yükləmə kimi satıcıya aid xərclər var. Hər barelə görə tankerə yükləmə qiyməti 1 dollardır. Ötən il SOCAR neftin bir barelinin qiymətini 101 dollar, Dövlət Neft Fondu isə 97-98 dollar olaraq açıqlamışdı. Yəni yükləmə qiymətini açıqlamaqla insanlarda çaşqınlıq yaranır. Bunun mənası nədir? SOCAR sadəcə onu göstərir ki, qiymətlər yüksəkdir”.

İqtisadçı qeyd edib ki, son iki həftədə neftin qiymətinin yüksək olması iki faktora bağlıdır: “Birinci, dünyanın ən böyük neft idxalçısı olan Çindən gələn bəzi müsbət iqtisadi məlumatlardır. Bu o deməkdir ki, enerjiyə tələbat kifayət qədərdir. Bu da bazar iştirakçılarını ruhlandırır. İkinci faktor isə sentyabrdan həm Səudiyyə Ərəbistanının hasilatı könüllü olaraq 1 milyon barel, həm də Rusiyanın gündəlik ixracı 300 min barelə qədər azaltmaqla bağlı verdikləri qərarlardır. Bir tərəfdən tələbat artır, digər tərəfdən bazarlara çıxarılan neftin həcmi azalır. Ona görə də alıcılar əmtəəni indidən almağı daha məqbul hesab edirlər. Tələb artdıqca təklif azalır, bu zaman da qiymət artımını müşahidə edirik”.

Müsahibimiz deyir ki, neftin qiymətinin artması dünyada digər mal və xidmətlərin qiymətlərinə də təsir edir: “Buna enerji inflyasiyası deyilir. İstehlakçılar enerji daşıyıcılarına daha çox vəsait xərcləyirlər. Neftə bağlı olan qazın da qiyməti artır. Təbii qazın 1 000 kubmetrinin qiyməti 335 dollara qədər ucuzlaşmışdı, hazırda 400 dollara qədər bahalaşıb. Bir həftə ərzində az qala 100 dollara qədər bahalaşma var. Nəticə etibarilə istehlakçılar neft-qaz məhsullarına daha çox pul xərcləyirlər.

Ümumiyyətlə, enerji daşıyıcıları bizi əhatə edən bütün mal və xidmətlərdə iştirakçı olduğu üçün onların da qiyməti artır. Bu da inflyasiyanın yüksəlməsinə gətirib çıxarır. İnflyasiyanın yüksəlməsi isə iqtisadiyyatların real olaraq daha az inkişafına, digər tərəfdən də istehlakçıların əlində olan pul kütləsinin azalmasına səbəb olur. Halbuki istehlakçılar enerjiyə xərclənən artıq pulları başqa sektorlara investisiya edə bilərdilər. Bu da digər sektorları inkişaf etdirərdi”.

İlham Şaban Asiya və Avropa bazarlarında təbi qazın ucuzlaşmasına diqqət çəkib: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə təbii qaz qiymətləri təqribən 7 dəfə azalıb. Sentyabrın 1-nə olan məlumata görə, Avropa özünün qaz anbarlarına 100 milyard kubmetrdən bir qədər çox ehtiyat yığa bilib. Avropa noyabrın 1-nə qədər yerinə yetirməli olduğu vəzifəsini sentyabrın 1-ə qədər icra edib. Nəzərə alsaq ki, qarşıda qış mövsümü üçün kifayət qədərə zaman var, bu halda Avropanın qaz istehlakının azaldığını demək olar.

Digər tərəfdən alternativ enerji mənbələrindən alınan enerjinin ildən-ilə artımı qazın qiymətlərini aşağı çəkən amillər sırasındadır. Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 380 ABŞ dollarından aşağı enib. Bu, Avropadakı istehlakçılar üçün komfortlu bir qiymətdir. Azərbaycan istehsalçıları üçün də Avropada 400 dollar ətrafında qaz satmaq kifayət qədər gəlirli bir biznesdir.

Bu il təbii qazla bağlı ajiotajlı xəbərlərin az olacağı gözlənilir. Çünki Avropa iqtisadiyyatı və insanları həm psixoloji, həm də real baxımdan vəziyyətə öyrəşiblər. Onlar qlobal qarşıdurma şəraitində necə hərəkət etmək lazımdırsa, ona uyğun davrana bilir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər