Türkiyənin Elazığı şəhərinin Keban rayonunda su tapmaq üçün aparılan qazma zamanı neft mənşəli maddə aşkar edilib.
Teleqraf.com xəbər verir ki, Kebana bağlı Dənizli kənd icmasının rəhbəri Əli Kıratlı artezian quyusu qazmaq üçün əyalətin xüsusi idarəsi ilə birgə işə başladıqlarını bildirib.
İcma rəhbəri deyir ki, quyu suyu üçün əyalətin xüsusi idarə qrupları köməyə gəlib: “Səlahiyyətlilər tərəfindən göndərilən qazma maşını 120 metrə çatanda bir növ mineral yağ mənşəli mayeyə rast gəldik. Bir yük maşını həcmində maye çıxdı. Dərhal su axtarışını dayandırdıq”.
Kənd sakini Fethi Oruç qazıntı zamanı ərazidə bərk və maye halında maddələr tapıldığını bildirib: “Bilmirik, bu, neftdir, yoxsa başqa bir şey... Səlahiyyətlilərdən araşdırma aparacağını gözləyirik. Əminik ki, neft olsa, əyalət də, rayon da, kənd də inkişaf edəcək”.