Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, 2014-cü ildə bank sektorunun aktivləri 21 faiz, bank kreditləri 18 faiz, o cümlədən uzunmüddətli kreditlər 19 faiz artıb, biznes kreditləşməsinin genişlənməsi davam edib.
Teleqraf.com-un məlumatına görə, Mərkəzi Bankın sədri diqqətə çatdırıb ki, biznes kreditləri 18 faiz, o cümlədən sənaye 36 faiz artıb. Regionlara kredit qoyuluşları isə 39 faiz artıb. 2014-cü ildə həm bank sektorunun, həm də əhalinin rastlaşa biləcəyi maliyyə risklərini nəzərə alaraq, dövlət başçısının verdiyi tapşırıqlara əsasən, istehlak kreditlərinin artımının Mərkəzi Bank tərəfindən tənzimlənməsi sərtləşdirilib.
Nəticədə istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1,9 dəfə azalaraq 19 faizə, ipoteka kreditləri istisna olunmaqla isə cəmi 13 faizə enib. Avtomobil kreditlərinə gəldikdə isə bu kreditlərin mütləq həcmi 31 faiz azalıb.