Avstraliya Milli Universitetinin professoru Amin Saykal “Strategist” qəzeti üçün yazdığı məqalədə Rusiya və Səudiyyə Ərəbistanının neftin qiymətlərini birgə nəzarətə götürdüyünü bildirib.
Teleqraf.com xəbər verir ki, Saykal bu məsələdə iki ölkə arasındakı konsensusa diqqət çəkib.
Professor yazır ki, siyasi spektrin əks ucundan olan iki neft hasil edən dövlət – Rusiya və Səudiyyə Ərəbistanı “qara qızıl”ın qiymətinin açarlarını əllərində saxlayırlar.
Saykal qeyd edir ki, Moskva və Ər-Riyad əvvəllər neft bazarını sabitləşdirmək üçün OPEK+ karteli çərçivəsində hasilatın azaldılmasına uğurla nail olub.
Onun sözlərinə görə, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman Çin və Rusiya ilə münasibətləri gücləndirməyə çalışır: “Onun ölkəsi BRİKS-ə dəvət alıb və Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir”.
Saykal Rusiya Prezidenti Vladimir Putinlə Məhəmməd bin Salman arasında yaxşı münasibətlərə də diqqət çəkib. O hesab edir ki, vəliəhd G-20 sammitləri zamanı Rusiya prezidenti ilə mehriban ünsiyyət qurub.
“Nə qədər Rusiya və Səudiyyə Ərəbistanının maraqları üst-üstə düşəcəksə, neftin qiymətləri çətin ki, tezliklə ucuzlaşsın. Yanacaq istehlakçılarını çətin günlər gözləyir”. – professor əlavə edir.