“Müflis elan olunmuş “Muğan Bank”da qorunan əmanətlərin həcmi 216,7 milyon manat təşkil edir. Bu o deməkdir ki, həmin vəsaitlər məbləği 100 min manatadək olan və divident faizi manatla 12, xarici valyuta ilə 2.5 faizdən çox olmayan əmanətlərdir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, əmanətlərlə yanaşı, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə 20 min manatadək vəsaiti və notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər tam məbləğdə qaytarılacaq:
“Kompensasiya almaq üçün əmanətçi Əmanətlərin Sığortalanması Fonduna yazılı ərizə ilə müraciət etməlidir. Əmanətçinin şəxsiyyət vəsiqəsi, əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə ərizə ilə birlikdə təqdim olunmalıdır. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni də Fonda təqdim etməlidir.
Əmanətlərin Sığortalanması Fondun vətəndaşın ərizəsini qəbul etdiyi gündən ən gec 90 gün ərzində vəsaitin ödənilməsini həyata keçirir. Müstəsna hallarda bu müddət əlavə 90 gün uzadıla bilər”.
İqtisadçı deyir ki, əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir: “Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir.
Əmanətlər dollar və ya avroda olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi gün Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi göstəricilər əsasında hesablanmış çarpaz məzənnə üzrə ödənilir. Yəni, əmanət rublla yerləşdirilibsə, o zaman həmin vəsaitin manat ekvivalenti və daha sonra çarpaz olaraq dollar məzənnəsi nəzərə alınmaqla ödəniş həyata keçirilir.
Bütövlükdə, “Muğan Bank”da sığortalanmış əmanəti olan hər bir şəxs öz vəsaitini tam olaraq ala biləcək. Buna görə də, pulunuzu banklarda sığortalanmış əmanət kimi saxlamaq tövsiyə olunur”.