27 Oktyabr 2023 09:54
40 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandakı bankların cəmi kredit portfeli 2023-cü ilin sentyabr ayında avqust ayı ilə müqayisədə 467 milyon 697 min manat artaraq 22 milyard 281 milyon 884 min manata çatıb.

Mərkəzi Bankın aylıq hesabatına əsasən, sentyabr ayında bankların biznes kreditləri portfeli 256 milyon 883 min manat artaraq 12 milyard 78 milyon 674 min manata, istehlak kreditləri portfeli 147 milyon 599 min manat artaraq 6 milyard 680 milyon 114 min manata, ipoteka kreditləri portfeli 63 milyon 215 min manat artaraq 3 milyard 523 milyon 95 min manata çatıb.

Diqqətçəkən məqam əhalinin kredit borcunun (istehlak və ipoteka kreditləri) 10 milyard manat səviyyəsini keçərək ilk dəfə 10 milyard 203 milyon 209 min manata çatması olub.

İqtisad üzrə elmlər doktoru Elşad Məmmədov əhalinin kredit borcunun artmasına təkan verən amilləri Teleqraf.com-a şərh edib.

O hesab edir ki, bank sektorunda, kredit bazarında problemli kredit fundamental məsələdir:

“Biznes kateqoriyası üçün kreditlərin əlçatan olmaması kredit borcunu artıran əsas amildir. Nəticədə kredit götürən təşkilatlar və ya fiziki şəxslər borcunu qaytara bilmir. Götürülən kreditlərin təyinatı üzrə istifadə olunmaması da problemli kreditlərin həcmini artırır. Əgər pul-kredit siyasətinin yumşaldılmasına, məqsədli kredit xətlərinin açılmasına nail olmasaq, ödənişlərlə bağlı problemlər artmaqda davam edəcək.

Bunun qarşısını pul kütləsini və investisiyaları artırmaqla, eyni zamanda kredit siyasətini yumşaltmaqla almaq olar. Yəni pul kütləsinin artımı baş verməlidir və faiz dərəcələri yumşalmalıdır, həmin kredit axınları da investisiyalara, istehsala yönəldilməlidir ki, əlavə dəyər yaradılsın.

Bank sektorumuz daha çox pul-kredit kütləsi generasiya etmək əvəzinə, bunun əksinə problemlər yaradır. Ona görə də bu problemlərin artmasının, son nəticədə bankların lisenziyalarının ləğvinə şahid oluruq. Bütün bunlar da iqtisadiyyata öz təsirlərini göstərir”.

Maraqlıdır, əhalinin kreditləri silinə bilər?

Elşad Məmmədov ölkə başçısının humanistlik göstərərək bir dəfə bu addımı atdığını xatırladıb:

“Təxminən 4 il əvvəl cənab Prezident iqtisadiyyata, sosial siyasətə bir dəstək nümayiş etdirərək problemli kreditlərin xeyli hissəsini ləğv etdi. Yenə də bank sektorunun problemləri ona səbəb olacaq ki, ölkə rəhbərliyi məcbur qalıb bu işlərə müdaxilə etsin. Amma əslində bank sektoru sağlam və effektiv fəaliyyət göstərsə, zənnimcə, bu problemlər yaranmaz ki, sonra da onun həllini dövlət öz üzərinə götürsün.

Hesab edirəm ki, bank sektorunda həm öhdəliklərin, həm də aktivlərin daha effektiv idarə edilməsinə ehtiyac var. Düşünürəm ki, bankların investisiya yönümlü yox, daha çox istehlak və mikro kreditlər verməsi anormal haldır. Bu növ kreditlərin iqtisadiyyata çox cüzi qatqısı ola bilər.

Biznes adı ilə verilən kreditlərin strukturuna nəzər salsaq görərik ki, orda real istehsalla bağlı olan kreditlərin payı kritik dərəcədə azdır. Bu gün Azərbaycanda investisiyaların strukturunda bank kreditlərinin payı ənənəvi olaraq 10 faizdən də aşağı göstəricilərlə qeydə alınır. Təbii ki, bu, yolverilməzdir. Belə olan halda iqtisadiyyatda pul dövriyyəsinin effektiv təşkili, investisiyaların cəlbi ilə bağlı olan problemlər qaçılmazdır”.

İqtisadçı Azərbaycanda pul-kredit siyasətinin kökündən dəyişdirilməsini təklif edir: “Pul-kredit siyasətində investisiya yönümlü bir yanaşma olmalıdır. İlk növbədə Mərkəzi Bankın fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var. Mərkəzi Bank ölkədəki investisiya mühitinə, məşğulluq problemin cavabdehlik daşımalıdır. Bu bank pul yaradan bir təşkilat kimi iqtisadi artıma cavabdeh olmalıdır.

Mərkəzi Bank yalnız valyuta məzənnəsinə, yaxud inflyasiyaya cavabdeh olmalı deyil. Əgər bu problemlər həm qanunvericilikdə, həm də icra mexanizmlərində öz həllini taparsa, müsbət dəyişikliklərə nail olmaq olar”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, hazırda istehlak kreditlərinə daha çox diqqət ayrılır, nəinki istehsal kreditlərinə: “İstehlak kreditlərinin təyinatı məlumdur. İnsanlar özlərinə müəyyən məişət avadanlıqları almaq üçün bu kredit növündən yararlanır. Bu, olmalıdır, problem də yoxdur. Amma bizi əsas narahat edən, istehsal kreditləridir. Hesab edirəm ki, istehsalın inkişafı, yeni iş yerlərinin açılması üçün olan kreditlərin faizlərinə baxılmasına ehtiyac var. Bu məqsədlər üçün təklif olunan kredit faizləri kifayət qədər yüksəkdir.

Bankları da başa düşürük. Onlar pulu üç mənbədən cəlb edə bilir. Birinci, əmanətçinin depoziti, ikinci, Mərkəzi Bankın ehtiyatlarından kommersiya banklarına verilən kreditlər, üçüncü isə banka xarici maliyyə qurumlarından ayrılan vəsaitlər. Amma bu bankların ehtiyatlarının 75-80 faizi əmanətçilərin qoyduğu depozitlər hesabına formalaşır. Biz əmanətlərinin aşağı faizlə qoyulmasını istəmirik. Dollarla olan əmanətlərin faizi çox aşağıdır – 0.5 və ya 3.5 faiz. Amma manatla olan əmanətlərin faizi yüksəkdir - 10, 11, 12 faiz. Buna uyğun olaraq da kredit verirlər. Bundan aşağı verilə bilməz.

Dünyanın istənilən yerində kredit almaq təcrübəsi var. Kredit insanların həyat şəraitinin müəyyən qədər yaxşılaşması məqsədilə verilir. Yaxşı olardı ki, iş yerlərinin açılması üçün ayrılan kreditlərin həcmi üstünlük təşkil etsin. İnsanların məşğulluğu təmin olunmalıdır, sonra əldə etdiyi vəsaiti dövriyyəyə buraxmalıdır”.

Deputat qeyd edib ki, insanlarımız nağdsız ödənişə maraq göstərmirlər: “Ölkəmizdə nağdsız ödənişlərin həcmi elə də çox deyil. Xaricdə heç kəs cibində nağd pul gəzdirmir. Hamı bir nəfər kimi kartdan istifadə edir. Azərbaycanda isə əhalinin böyük əksəriyyəti nağd puldan istifadə edir. Dövlət nağdsız hesablaşmalara keçmək üçün kifayət qədər stimullaşdırıcı tədbirlər, əməliyyatlar həyata keçirir. Məsələn, “ƏDV geri al” layihəsi nağdsız ödəmələrin əhəmiyyətli artımı üçün nəzərdə tutulub. Bu kimi proqramların əhəmiyyəti Azərbaycanda nağdsız hesablaşmaların üstünlük təşkil etməsindən ibarətdir”.

Əhalinin kreditlərinin silinməsinə gəlincə, Vahid Əhmədov vurğulayıb ki, bu, Prezidentin səlahiyyətində olan məsələdir: “Belə bir nümunələr var. 2019-cu ildə Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı. Fərmanla 2015-ci ildə baş verən 21 fevral və 21 dekabr devalvasiyalarından sonra əhalinin banklara olan borcunun artan hissəsi silindi. Bu, çox müsbət qərar idi. Çox yerdə bu cür qərarlar verilmir. Amma Prezident belə bir humanist qərar verib, addım atdı.

Bundan başqa, cənab Prezident göstəriş vermişdi ki, şəhid ailələrinin banklara olan kredit borcu silinsin. Biz müraciət etdik, silindi. İndi mənə fərqli müraciətlər daxil olur. Belə ki, şəhid ailələri yenidən gedib kredit almağa başlayıblar. Bir-iki dəfəyə banklar öz gəlirləri hesabına onların kredit borcunu silməyə gedir. Amma bu, daimi ola bilməz axı. İqtisadi şərait imkan verəndə bu məsələlərə Prezident İlham Əliyev həmişə müsbət yanaşıb”.


Müəllif: Yeganə Oqtayqızı