SOCAR-ın dəstəyi ilə “Azəriqaz” İstehsalat Birliyi yeni “QAZandım” transformasiya layihəsinə start verib.
Teleqraf.com-un məlumatına görə, qaz təchizatı sisteminin müasir standartlar səviyyəsində qurulması və müasir texnologiyaların tətbiqi, eyni zamanda İstehsalat Birliyini kommunal xidmətlər arasında nümunəvi təşkilata çevirmək məqsədi ilə 2023-cü ildən yeni strategiya işlənib hazırlanıb.
“QAZandım” layihəsində Birliyin gələcəyə baxışının və məramının ətraflı qeyd olunduğu strategiya uzunmüddətli perspektivə hesablanan 3 əsas komponentə ayrılır:
- Biznes səmərəliliyi, o cümlədən əməliyyat mükəmməlliyi, kommersiya fəaliyyətinin təkmilləşdirilməsi və şəbəkə inkişafı;
- Şərtləndirici amillər, o cümlədən texnoloji və rəqəmsal həllər və yeni iş modelinə keçid
- Tənzimləyici rejim və standartlar.
Qeyd olunanların icrası qaz təsərrüfatı sahəsində strukturun təkmilləşdirilməsinə, insan kapitalının və korporativ mədəniyyətin formalaşmasına, ətraf mühitə ziyan vurmadan, təbii qazdan istifadə edən bütün istehlakçıları fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada təbii qazla təchiz etməklə müştəri məmnuniyyətinə nail olmağa təkan verəcək. “QAZandım” layihəsində əhalinin təbii qazla təmin edilməsinə, ölkənin mövcud qaz şəbəkəsi sisteminin ayrı-ayrı hissələrinin yenidən qurulmasına, avadanlıqların istismara yararlı halda saxlanılmasına yönəldilmiş texnoloji və texniki tədbirlərin görülməsi, eləcə də yeni qaz kəmərlərinin tikintisi də nəzərdə tutulub.