Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2014-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.
KomitədənTeleqraf.com-a bildirilib ki, QKDK-nın sədri Rüfət Aslanlı 2014-cü ildə dünya iqtisadiyyatında müşahidə olunan proseslərdən bəhs edərək, qlobal arenada iqtisadi risklərin kəskin şəkildə artdığını və bunun dünyanın aparıcı iqtisadiyyatlarındakı inkişafa neqativ təsir etdiyini diqqətə çatdırıb.
Sədr ötən il ərzində qlobal iqtisadi sferada baş verən dəyişikliklərin dünya maliyyə bazarlarına təsirsiz ötüşmədiyini vurğulayıb.Sədr hesabat dövründə Azərbaycanda qiymətli kağızlar bazarında pozitiv proseslərin baş verdiyini qeyd edərək, kapital bazarlarında yeni keyfiyyət nəticələrinin əldə olunduğunu diqqətə çatdırıb.
Məlumat verilib ki, kapital bazarında törəmə maliyyə alətləri ticarəti platforması istifadəyə verilib, bu platformada ticarətin həcmi 4,3 milyard manata çatıb və ümumilikdə il ərzində bazardakı ticarətin 32 faizini təşkil edib. Təkrar bazarda likvidliliyi və rəqabətli qiyməti formalaşdıran bazar institutlarının fəaliyyətə başladığını qeyd edən R.Aslanlı ötən dövr ərzində kapital bazarlarında əqdlərin məbləğinin 13 milyardı ötdüyünü və bunun ən yüksək göstərici olduğunu vurğulayıb.
Sonra QKDK-nın sədrinin müavinləri və Aparatının rəhbəri çıxış edərək, kurasiyalar üzrə struktur bölmələr tərəfindən 2014-cü il ərzində həyata keçirilmiş tədbirlər və müvafiq strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat veriblər. İclası yekunlaşdıran R.Aslanlı carı ildə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar Bazarının İnkişafına dair” Dövlət Proqramında qeyd olunmuş tədbirlərin, eləcə də, struktur bölmələrin Strateji Fəaliyyət planlarında nəzərdə tutulan institusional tədbirlərin effektiv icrasının təmin edilməsinin vacibliyini bildirib.
Yeni ticarət və hesablaşma sisteminin yaradılması, Kapital Bazarı üzrə Təlim Mərkəzi vasitəsilə bazarda peşəkarlığın və aktivliyin artırılması istiqamətində tədbirlərin görülməsinə dair müvafiq tapşırıqlar verib.