30 Sentyabr 11:53
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqlim maliyyələşdirilməsi üzrə Fəaliyyət Fondu (CFAF) mövcud boşluqların aradan qaldırılmasında mühüm rol oynaya bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) açılış mərasimində deyib.

M.Cabbarov qeyd edib ki, COP29 enerji keçidinin maliyyələşdirilməsi mexanizmlərinin təmin olunmasına yönələcək.

"Bu prosesə bütün maraqlı tərəfləri cəlb etmək və inklüziv müzakirələrə nail olmaq niyyətindəyik. Bunun üçün COP29-a dövlətlər, beynəlxalq təşkilatlar, maliyyə institutları, enerji sahəsində fəaliyyət göstərən iri şirkətlər cəlb edilməli, aşağı karbonlu biznes həllərinə özəl investisiyaların cəlb olunması üçün stimullar müzakirə edilməlidir", - o bildirib.

M.Cabbarovun sözlərinə görə, Azərbaycanın enerji keçidi prosesində mühüm təşəbbüsləri var.

"Fəaliyyət Proqramında yer alan 14 əsas təşəbbüsdən biri İqlim Maliyyələşdirilməsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaradılmasıdır. Biz inanırıq ki, bu fond iqlim maliyyələşdirilməsində mövcud boşluqların aradan qaldırılmasında mühüm rol oynaya bilər. Fondun kapitalının əsasən qalıq yanacaq hasil edən ölkələr və neft, qaz, kömür hasilatı ilə məşğul olan şirkətlər tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Fondun əsas məqsədi təbii yanacaq ehtiyatlarına malik ölkələrin və bu sahədə fəaliyyət göstərən müəssisələrin "yaşıl" keçidə töhfəsini artırmaq, həmçinin inkişaf etməkdə olan ölkələrə və kiçik ada dövlətlərinə iqlim dəyişikliyinə qarşı mübarizədə sərmayələr yatırmaqdır", - nazir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan hesab edir ki, təbii ehtiyatlarla zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə liderlik etməlidir və bu təşəbbüs iqlim maliyyələşdirilməsində boşluqların aradan qaldırılmasına əhəmiyyətli dərəcədə kömək edə bilər.

"Fondun yaradılması üçün 1 milyard ABŞ dolları məbləğində kapitalın cəlb edilməsi planlaşdırılır və ən azı 10 donor ölkə fonda qoşulacaq", - M. Cabbarov bildirib.

İqtisadiyyat naziri hasilat sektorunun mühüm olduğunu, lakin geniş miqyaslı sosial-iqtisadi islahatlar nəticəsində ölkənin sosial-iqtisadi landşaftında böyük müsbət dəyişikliklərin baş verdiyini qeyd edib.

"OPEC+ çərçivəsində hasilatın azaldılmasına baxmayaraq, qeyri neft-qaz sektorunda iqtisadi artım, o cümlədən pandemiyadan sonrakı dövrdə də davam edib. Bu prosesdə dövlət xərclərinin artırılması, sahibkarlığın dəstəklənməsi, investisiya və ixracın stimullaşdırılması, qeyri-neft sənayesinin inkişafı mühüm yer tutur", - nazir əlavə edib.

O, struktur islahatlarının uğurda əsas amillərdən biri olduğunu vurğulayıb.

"2011-2023-cü illər ərzində makroiqtisadi göstəricilərə əsasən, ölkədə orta illik iqtisadi artım tempi 1,5%, qeyri-neft sektorunda isə 4,4% olub. Cari ilin ilk 8 ayında qeyri-neft sektorunda 7%-lik iqtisadi artım müşahidə olunub", - M. Cabbarov əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər