10 Aprel 2015 11:22
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ən azı Rusiya banklarından nümunə götürsələr, bu dollarla kredit götürmüş aztəminatlı vətəndaşlara dəstək olardı”

“Manatın devalvasiyasından sonra banklardan xarici valyutada götürülən kreditlərin ödənilməsi sahəsində çətinliklərin yarandığı müşahidə olunmaqdadır. Çətinliklərin aradan qaldırılması istiqamətində banklar tərəfindən hələ ki konkret bir addım atılmayıb. Vətəndaşların üzərinə getmək, təzyiqləri artrmaq və ödəmə qabiliyyətini itirmiş müştərilə gecikmiş kreditlərə görə əlavə faizlər hesablamaqla vəziyyəti stabilləşdirmək mümkün deyil”.

Teleqraf.com xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, proofessor Fikrət Yusifov əhalinin dollarla banklardan götürdüyü kreditlərin ödənilməsində yaranmış problemlərdən danışarkən deyib.

F.Yusifov qeyd edb ki, Mərkəzi Bankın rəhbərliyinin banklara verdiyi tövsiyyələrə əməl olunmur və banklar öz maraqlarını bu tövsiyyələrdən daha üstün hesab edirlər: “Bu tövsiyyələrdən sonra xarici valyutada (ABŞ dolları) götürülən kreditlərin ödəniş vaxtının uzadılması, həmin kreditlər üzrə faiz dərəcələrinin bir qədər aşağı salınması belə praktik olaraq baş vermədi. Sual olunur: Nə üçün banklarımız öz müştəriləri ilə bu qaydada davranmalıdırlar? Bu, çox ciddi bir məsələdir. Bütün zamanlarda banklar dövlətin dəstəyini alıblar. Bunu son dövrlərdəki çıxışlarında Prezident İlham Əliyev də bir neçə dəfə vurğulayıb. Bəs çətinliklərlə üzləşəndə dövlətin dəstəyindən bəhrələnən, dövlətin onlara əvəzsiz köməyini məmuniyyətlə qəbul edən banklar situasiyanı stabilləşdirmək, kreditlərə görə güzəştlər tətbiq etməkdən niyə qaçırlar? Nəyi və kimi gözləyirlər? Nə üçün heç olmasa daha çətin durumda olan vətəndaşlara kömək etmək istəmirlər? Axı bu vəziyyətin yaranmasında bank müştərilərinin günahı yoxdur. Yəqin gözləyirlər ki, yaranmış bu vəziyyətin nizama salınması üçün onlara yuxarı instansiyalrdan tövsiyyələr verilsin. Bu, sadəcə absurddur”.

BİAB sədrinin sözlərinə görə, banklar kreditlərin ödənilməsi ilə bağlı yarana biləcək hər bir zərərin bağlanması üçün ehtiyatlar yaratmağa borcludurlar. Bunu Mərkəzi Bankın banklarda müvafiq ehtiyatların yaradılması ilə bağlı təsdiq etdiyi “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları” müəyyən edir: “ Bu ehtiyatlar mövcud olsa da banklar onlardan istifadə etmək istəmirlər. Digər ehtimal isə ondan ibarətdir ki, onlar daha çox mənfəət əldə etmək xatirinə bu ehtiyatları ya yaratmırlar, ya da lazım olan həddə yaratmırlar və bu vəziyyətdən “itkisiz” çıxmaq istəyirlər. Belə olmur. Banklar nə qədər desələr ki, onların fəaliyyəti az mənfəətlidir, bu, inandırıcı deyil. Fəaliyyəti düzgün qurulmuş banklarda mənfəət digər başqa sahələrdə olduğundan qat-qat çoxdur. Bunun belə olduğunu bilmək üçün son illərdə bankların kredit portfelində xüsusi çəkisi daha çox olan istehlak kreditlərinin faiz dərəcələrinə nəzər salmaq kifayətdir. Hər kəs bilir ki bu rəqəm bəzi banklarda 25-27%-ə çatır və bəzən bundan da çox ola bilir. Hesab edirik ki, banklar bu gün valyutada götürülən kreditləri ödəmək imkanı olmayan və ya imkanları çox aşağı səviyyədə olan vətəndaşları müəyyən edib onlarla fərdi iş aparmalı və bu kateqoriyadan olan insanlara maksimum kömək göstərməlidirlər. Banklar üçün bu yol, həmin kreditləri sonda ümüdsüz kreditlərə çevirib zərər kimi silməkdən daha sərfəli yoldur”.

F.Yusifov analoji situasiyada Rusiya banklarının atdığı addımıara da diqqət yönəldib: “Rusiya bankları bu qəbildən olan məsələlərin həllində daha böyük çeviklik nümayiş etdirirlər. Bu ölkənin bankları 2014-cü ildə götürülmüş 265 milyard rubl və 1 milyard dollar həcmində olan kreditləri siliblər. Qeyd etdiyim bu rəqədmlər 2013-cü illə müqaisədə 3-4 dəfə çoxdur. Deməli, Rusiya bankları vəziyyətdən çıxış yolunu daha düzgün müəyyən edə bildilər. Onlar rubulun dəyərdən düşməsi nəticəsində əhalinin həyat səviyyəsinin pisləşməsi səbəbindən vaxtıilə götürülmüş kreditlərin ödənilməsində yaranmış çətinlikləri real dəyərləndirib bu addımları atdılar. Rusiya bankları təkcə 2015-ci ilin yanvar ayında 19,0 milyard rubl ümüdsüz borcu siliblər. Hesab edirəm ki, Rusiya banklarının bu addımları bizim banklara da nümunə ola bilər. Ümumiyyətlə, belə təcrübə dünyanın çox ölkələrində mövcuddur. Sadəcə bizim banklar yalnız öz mənfəətlərini düşünmək steriotipindən əl çəkməyi bacarmalıdırlar. Kreditlərə görə yüksək faizlər tətbiq edən Azərbaycan bankları ötən illər ərzində müştərilərin hesabına qazanılan mənfəətin az bir qismini yaranmış vəziyyətdə itirməyi faciə hesab etməməlidirlər”.

/Teleqraf.com/


Müəllif:

Oxşar xəbərlər