2015-ci ilin yanvar-mart aylarından Türkiyənin "Botas" şirkəti müxtəlif mənbələrdən 11,9 milyard kubmetr qaz idxal edib ki, bu da ötən ilin analoji dövrünə olan 11,56 kubmetrlik göstəricidən 3,7 faiz artıqdır.
Trend xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında bildirilib.
Türkiyə Bakı-Tiflis-Ərzurum kəməri üzrə Azərbaycandan qaz idxal edir. Türkiyənin Azərbaycanla müqaviləsində hər il "Şahdəniz" yatağından hasil olunan 6,6 milyard kubmetr qazın idxalı nəzərdə tutulub.
2014-cü ildə "Botas" müxtəlif mənbələrdən 40 milyard kubmetr qaz idxal edib, 2013-cü ildə isə bu göstərici 36,1 milyard kubmetr olub.
2015-ci ilin ilk rübündə "Botas"ın qaz ixracı ilə bağlı əməliyyatları 148 milyon kubmetr təşkil edib. Ötən ilin analoji dövründə isə "Botas" 193 milyon kubmetr qaz ixrac edib. "Botas"ın qaz ixracatı 2014-cü ildə 644 milyon kubmetr, 2013-cü ildə isə 694 milyon kubmetr olub.
2015-ci ilin ilk rübündə Türkiyənin daxili bazarında 12,98 milyard kubmetr qaz reallaşıb (2014-cü ilin ilk rübündə 11,85 milyard kubmetr). Türkiyədə qaz istehlakı 2014-cü ildə 40,81 milyard kubmetr, 2013-cü ildə isə 37,96 kubmetr həcmində olub.