25 May 2015 17:05
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” layihəsinin heyət rəhbəri Marina Petroviçlə görüş olub.

Teleqraf.com-un məlumatına görə, yaxın aylarda başa çatacaq “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində görülən işlərin qiymətləndirilməsi məqsədinə xidmət edən görüşdə Dünya Bankının aparıcı iqtisadçısı Aleksandra Posarak, əmək bazarı üzrə baş iqtisadçısı Arvo Kuddo və digərləri də iştirak edib.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə davamlı makroiqtisadi inkişafın təmin olunması istiqamətində prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nailiyyətləri barədə Dünya Bankının nümayəndələrinə məlumat verib. Nazir dövlət başçısının rəhbərliyi ilə aparılan mükəmməl islahatlar kursunun əmək və sosial müdafiə sahəsini də əhatə etdiyini diqqətə çatdırıb: “Bu islahatlar qeyd olunan sahədə fəaliyyətin qabaqcıl beynəlxalq təcrübə və innovativ yanaşmalar əsasında qurulmasına, müasir tələblərə cavab verən, şəffaflığın və sosial cəhətdən həssas qruplar üçün əlçatanlığın təmin olunduğu əmək və sosial müdafiə sisteminin yaradılmasına yönəlib.

Sözsüz ki, ölkəmizdə aparılan bu islahatlarda Dünya Bankı ilə birgə həyata keçirilən “Sosial Müdafiənin İnkişafı Layihəsi” də əhəmiyyətli olub. Ötən müddətdə layihə çərçivəsində əmək bazarı institutlarının inkişafı, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, əmək hüquqlarının təminatına dövlət nəzarətinin maddi-texniki və institusional potensialının artırılması, aktiv əmək bazarı proqramlarının düzgün idarə olunması üçün informasiya və idarəetmə sisteminin yaradılması və s. sahələrdə birgə işlər aparılıb”.

Səlim Müslümov həmçinin İSCO 88/08-ə uyğun təkmilləşmiş peşə və müvafiq təlim standartlarının hazırlanmasında layihənin əhəmiyyətini qeyd edib: “Eyni zamanda, işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarında modul təlim proqramlarının hazırlanması, peşəyönümü xidmətlərinin yaradılması və inkişafı, kadr potensialının peşəkarlığının daha da yüksəldilməsi və digər işlərdə “Sosial Müdafiənin İnkişafı Layihəsi” üzrə işlər aparılıb”. Nazir ümumilikdə layihə çərçivəsində aparılan işlərin nəticələrinin dəyərli olduğunu diqqətə çatdırıb.

Marina Petroviç Azərbaycanda özünü göstərən dinamik inkişaf proseslərinin, o cümlədən milli əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi yönündə aparılan işlərin “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin də uğurlu icrası üçün mühüm stimul olduğunu vurğulayıb. O, layihənin icrasında qazanılmış müsbət təcrübənin yeni əməkdaşlıq perspektivləri üçün yaxşı əsas olduğunu diqqətə çatdırıb.

Görüşdə qeyd edilən layihə çərçivəsində əldə olunan nəticələr nəzərdən keçirilib və qiymətləndirilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər