"Azərbaycanın sənaye sektorunun, elektrik stansiyalarının və istehlakçıların təmin edilməsi daxil olmaqla, daxildə, o cümlədən Naxçıvan Muxtar Respublikasında ehtiyacları tam qarşılamaq üçün kifayət qədər qaz ehtiyatları var".
Bunu Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bəzi KİV-lərdə respublikada qaz çatışmazlığı və onun Rusiyadan mümkün idxalı barədə yayılan məlumatları şərh edərkən deyib.
Onun sözlərinə görə, bu məlumat həqiqətəuyğun deyil: "Azərbaycan daxili bazara qaz tədarük etməklə yanaşı, daha əvvəl bağlanmış saziş və müqavilələr çərçivəsində qaz ixracını davam etdirir".
N.Qiliyev qeyd edib ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Rusiyanın "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller arasında keçirilmiş görüşdə daxili tələbatları qarşılamaq üçün Azərbaycana qaz tədarükləri barədə söhbət getməyib.
SOCAR-ın mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, SOCAR və "Qazprom" arasında yaxşı uzunmüddətli tərəfdaşlıq münasibətləri var: "Görüş zamanı Rusiya tərəfi SOCAR-ın Azərbaycanın "AzMeCo" şirkətinin metanol istehsalı zavoduna qaz tədarükü ilə bağlı mövqeyi ilə maraqlanıb. Azərbaycan müəssisəsi olduğuna görə SOCAR-ın rəhbəri bu məsələ ilə bağlı müsbət münasibətini bildirib və hətta Rusiyadan bu zavoda qaz tədarükü üçün şirkətə infrastruktur təqdim etməyə hazır olduğunu bəyan edib".
"Müəssisəyə Azərbaycan qazının niyə tədarük edilməməsi" sualını cavablandıran N.Quliyev diqqətə çatdırıb ki, Azərbaycanda hasil edilən və yaxın illərdə ediləcək bütün qaz həcmi qarşıdakı uzun illər üçün bölüşdürülüb və müqavilə bağlanıb: "AzMeCo" özəl müəssisədir və onun sahibləri layihələndirmə və tikinti zamanı xammalı haradan alacaqlarını əvvəlcədən müəyyənləşdirməli idilər ki, bu da edilməyib.
O, əlavə edib: "Ola bilsin ki, müəssisə sahibləri "Qazprom"dan metanol istehsalı üçün qaz tədarük etməyi xahiş ediblər".