2015-ci ilin oktyabrın 10-dan 30-dək Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirəcək.
Nazirlikdən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, yarmarkada iştirak etmək istəyən arıçılar şəxsiyyət vəsiqəsi, arıxananın baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi), rayon (şəhər) baytarlıq idarəsindən verilən baytarlıq şəhadətnaməsi (Forma № 2), sərgi-satış yarmarkasına gətirilmiş arıçılıq məhsullarının Zona Baytarlıq Laboratoriyasında müayinəsi barədə ekspertiza rəyi təqdim etməlidirlər.
Yarmarkada yalnız bilavasitə arıçılıq fəaliyyəti ilə məşğul olan şəxslər (yəni arı saxlayan şəxslər) iştirak edə bilərlər.
Nazirlikdən bildirilib ki, yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə veriləcək. Bununla əlaqədar yarmarkada satılacaq arıçılıq məhsulları əvvəlcədən müvafiq qaydada zona baytarlıq laboratoriyalarında və Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilməlidir. Keyfiyyət göstəriciləri müvafiq laboratoriyada təsdiq edilən arıçılıq məhsulları xüsusi nişanlanmış və arıçılıq məhsullarının saxlanılmasına icazə verilən ağzı kip bağlanmış qablarda akt əsasında yarmarkanın müvəqqəti saxlanma anbarında yerləşdiriləcək.
SEVİL