“Kənd Təsərrüfatı Nazirliyi adından bəyan edirəm ki, subsidiyaların verilməsi ilə bağlı əhali heç bir narahatlıq keçirməsin. Fermerlər nəzərdə tutulmuş subsidiyaları tam əldə edəcək”
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Teleqraf.com-a açıqlamasında belə deyib.
Qeyd edək ki, bölgələrdən redaksiyaya daxil olan məlumatlara görə, bu il fermerlərə verilən subsidiyalar ləngidilir. Məsələn, Şamaxı və Salyan rayonlarında subsidiyaların indiyədək verilmədiyi, Neftçala rayonunda 50 faiz ödənmə aparıldığı bildirilir.
Murtuzəli Hacıyev dedi ki, narahatçılığa heç bir əsas yoxdur: “Fermerlər heç bir panikaya getməsinlər, heç bir şayiəyə inanmasınlar. Bəzi hallarda deyirlər ki, guya subsidiyanın 50 faizi ödənəcək, 50 faizi ödənməyəcək, yaxud gələn il ödənəcək. Narahatçılığa heç bir əsas yoxdur. Əhali oktyabrın ilk ongünlüyündən nəzərdə tutulan vəsaiti son qəpiyinə qədər alacaq”.
Qeyd edək ki, “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”na görə hər hektara görə fermerlərə şamil edilən 40 manat məbləğ bu ildən 50 manata qaldırılıb.
SEVİL