Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbul etməsi, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərməsi prosesi davam edir.
Növbəti belə qəbul dekabr ayının 18-də vergilər naziri Fazil Məmmədov tərəfindən Yevlax rayonunda Ağdaş, Yevlax, Ucar, Zərdab rayonlarından olan vətəndaşlar üçün keçirilib. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər dinlənilib. Bundan başqa, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.
Naibə QURBANOVA