15 Fevral 2016 17:11
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 15-də Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində “Gömrük orqanlarında risklərin idarə olunması” mövzusunda seminar işə başlayıb.

Türkiyə təcrübəsinin öyrənilməsinə həsr edilən seminar “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyinin 2016-2017-ci illərdə gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığının və qarşılıqlı yardımının səmərəliliyinin yüksəldilməsi üzrə ikitərəfli Tədbirlər Planı”nın icrası məqsədilə təşkil olunub.

Seminarın açılış mərasimində Dövlət Gömrük Komitəsinin rəhbərliyi adından öz təcrübəsini Azərbaycanla bölüşdüyünə görə Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyinə təşəkkür bildirilib. Qeyd edilib ki, Azərbaycan tərəfi risklərin idarə edilməsi və dəyərləndirilməsi sahəsində indiyədək Koreya, Baltikyanı respublikalar, Rusiya, Sinqapur və digər ölkələrin təcrübəsi ilə tanış olub.

Vurğulanıb ki, Azərbaycanın infrastrukturu inkişaf etdikcə, yük və sərnişin daşımalarının, eləcə də tranzit daşımaların həcmi artdıqca risklərin idarə edilməsi və dəyərləndirilməsi daha da aktuallaşır. Hazırda Azərbaycan gömrüyünün qarşısında duran ən vacib vəzifələrdən biri məhz risklərin idarə edilməsi sisteminin tətbiqinin genişləndirilməsi və təkmilləşdirilməsidir.

Türkiyə Gömrük Xidmətinin mütəxəssisləri isə bildiriblər ki, risklərin idarə edilməsi sahəsində hər bir ölkənin özünəxas təcrübəsi var. Bu təcrübə hər bir ölkənin coğrafi, siyasi-iqtisadi önəmi və xüsusiyyətlərinə görə formalaşır. Sonra seminar işə başlayıb.

Seminarı aparan türkiyəli mütəxəssislər risklərin idarə edilməsi və dəyərləndirilməsinin müasir gömrük sisteminin ən vacib ünsürlərindən biri olduğunu və gömrük hüquqpozmalarına qarşı mübarizədə üstünlüklərini diqqətə çatdırıblar.

Seminar fevralın 19-dək davam edəcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər