16 Mart 2016 18:16
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb.

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan iqtisadiyyatı son illərdə sürətlə inkişaf etmiş, aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etmiş, bu sahədə əhəmiyyətli irəliləyişlərə imkan yaratmışdır.

Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir.

Dövlət başçısı həyata keçirilmiş iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədi ilə qərara alıb:

- “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilsin (əlavə olunur).
- “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:

İşçi qrupunun rəhbəri

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi

İşçi qrupunun üzvləri:

İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Alim Quliyev – Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini
Vilayət Vəliyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi islahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru
Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
Emin Hüseynov – ADA Universitetinin prorektoru

İşçi qrupuna tapşırılır ki, bu sərəncamla təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” nəzərə alınmaqla, aşağıdakı layihələri altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin:

- 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini;
- 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini;
- 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini.

Müəyyən edilir ki, bu sərəncamda nəzərdə tutulmuş layihələrin hazırlanması işinə İşçi qrupu tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi təşkilatlar cəlb oluna bilər; bu sərəncamda nəzərdə tutulmuş layihələrin hazırlanması ilə əlaqədar Azərbaycana dəvət edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrindən viza ala bilərlər; bu sərəncama uyğun olaraq yaradılan İşçi qrupunun dəvət məktubu bu sərəncamda nəzərdə tutulmuş viza verilməsi üçün əsas hesab edilir.

Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırılır ki, İşçi qrupunun müraciəti əsasında lazımi məlumatların və sənədlərin təqdim olunmasını, habelə İşçi qrupunun fəaliyyətində nümayəndələrinin iştirakını təmin etsinlər.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.


Müəllif:

Oxşar xəbərlər