17 Mart 2016 11:37
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftin dünya bazar qiyməti aşağı düşəndən bəri bəzi ekspertlər, hər ay olmasa da rübdə bir dəfə gələn aydan mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı açıqlamalar yayırlar. Bu günlərdə yenidən əmlak bazarında qiymət artımları ilə bağlı açıqlama yayılıb”.

Teleqraf.com-un məlumatına görə, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov açıqlama verib: “Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olacaq və “qiymət artımları” baş vermədən ev almağa tələsəcək. Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım, ucuz alım.

Bununla da süni tələb formalaşacaq, süni qiymət artımları baş verəcək və nəticədə insanlar itirəcək, bir qrup “makler-biznesmenlər” qazanacaq. Sanki əmlak bazarında hamı əlində pul ev axtarır, amma mənzil tapa bilmir. Halbuki bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir”.

Vüqar Bayramov deyib ki, qiymətdə Almaniyanın paytaxtı Berlin ilə “rəqabətə” girən Bakının mənzil bazarında əslində neft bumu dövrü yaranan köpüklər yavaş-yavaş partlamaqdadır: “Belə məlumatlarla yenidən əmlak bazarında belə “köpüklər” yaradıb insanları mənzil almaq imkanından mərhum etməyə nə ehtiyac var? Maraqlıdır, mənzillərin qiyməti niyə artmalıdır? Neftin qiyməti kəskin yüksəlibmi? İpoteka krediti bərpa olunubmu? Banklar kredit faizlərini kəskin aşağı salıbmı?”

Qeyd edək ki, ölkədəki ikinci devalvasiyadan sonra mənzil bazarında ucuzlaşma müşahidə olunsa da, bəzi ekspertlər son günlər yenidən qiymət artımın olduğunu bildirirdilər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər