24 May 2016 09:06
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası tərəfindən aparılan təhlillərə əsasən dövlət zəmanəti ilə verilmiş və Mərkəzi Bankdan kredit almış bir sıra təşkilatlar həmin kreditin və ona hesablanmış faizlərin ödənişi zamanı müəyyən çətinliklərlə üzləşir.


“APA-Economics” xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, bu da son nəticədə ödənişin büdcənin digər mənbələri hesabına aparılması zərurəti ilə nəticələnir.

Müəyyən olunub ki, bir sıra hallarda büdcədən maliyyələşən təşkilatlara, nəzarət zərfi dövlətə məxsus səhmdar cəmiyyətlərə Mərkəzi Bankdan hökumət zəmanətli kreditlər verilir ki, bunun da ödənişi daxili borc üzrə xidmət xərclərində nəzərdə tutulmadığından hökumətin müvafiq sərəncamları ilə növbəti ilin büdcəsində əsaslı vəsait qoyuluşu planlaşdırılarkən müvafiq vəsaitlərin həmin təşkilatların nizamnamə kapitalının və ya aktivlərinin artırılmasına yönəldilməsi kimi nəzərdə tutulur.

Mərkəzi Bank tərəfindən verilmiş məqsədli kreditlər barədə məlumata əsasən Hesablama Palatası tərəfindən aparılan təhlil nəticəsində müəyyən olunub ki, daxili dövlət borcu hesab edilən məqsədli kreditlərin hesabat ilinin sonuna qalığı 3 mlrd. 769,78 mln. manat təşkil edib. Qeyd edilən məbləğdən 376,46 mln. manatı vaxtı keçmiş əsas borc öhdəliyi, 122,85 mln. manat isə vaxtı keçmiş faiz borc öhdəliyi olub. Vaxtı keçmiş borclar əsasən “ Azəraliminium” ASC üzrə (76 mln. manat əsas borc, 18,7 mln. manat faiz borcu), “Azərenerji” ASC üzrə (əsas borc üzrə 29,9 mln. manat), “Azərbaycan Hava Yolları” QSC (əsas borc üzrə 270,47 mln. manat əsas borc, faiz borcu üzrə 104,15 mln. manat) müşahidə olunub.

Adıçəkilən təşkilatların hesabat ilində vəsaitlərin icrası ilə bağlı təqdim etdiyi hesabat göstəriciləri üzrə aparılan təhlil işləri onların maliyyə vəziyyətlərinin qeyri-qənaətbəxş olmasından xəbər verir ki, bu da qeyd olunan təşkilatların dövlət zəmanətli kreditlər üzrə borcunun vaxtında qaytarılmaması ehtimalını artırır. Bütün bunlar isə öz növbəsində dövlət zəmanətli kreditlərin dövlət büdcəsi hesabına qaytarılması riskini artırır.


Müəllif:

Oxşar xəbərlər