28 Avqust 2017 20:28
2 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Şeron” qrupunun keçmiş solisti, Türkiyədə yayımlanan “Və qazanan” verilişinin yarışmaçısı, həmçinin “Rising star”proqramında iştirak edən və öz səsinin gücü ilə Türkiyənin musiqi kralı İbrahim Tatlısəsin birbaşa yayıma zəng vurmasına səbəb olan azərbaycanlı müğənni Rəşad Altınsəslə müsahibəni təqdim edir.

- Rəşad bəy, bu səs sizdə genetikdir?
- Bəli, genetikdir. Amma ailəmizdə, yaxınlarım arasında heç kəs bu sənətlə məşğul olmayıb.

- Əsl soyadınız necədir?
- Əzizov.

- Bəs Altınsəs?..
- Bu təxəllüsü mənə Türkiyədə iştirak etdiyim səs yarışmalarında veriblər.

- Necə oldu ki, Türkiyənin məşhur “Rising Star” proqramına çıxdınız?
- Məni “Rising Star”a türklər özləri dəvət etdilər. Mən də birbaşa canlı yayıma çıxdım. Yüksək faizlə səs toplayıb, növbəti mərhələyə keçdim.

- “O səs Türkiyə” verilişində də iştirak etmisiniz?
- Şərtlərə görə, 6 ay ərzində başqa yarışlarda iştirak etmək mümkün olmadığı üçün həmin il “O səs Türkiyə” müsabiqəsinə qatıla bilmədim. Amma bu il ola bilər qatılım.

- Müsabiqədə siz mahnı oxuyarkən İbrahim Tatlısəs münsiflərdən Demet Akalına zəng vurdu. Bu, necə baş verdi?
- Türkiyənin musiqi şahı İbrahim Tatlısəsin “Mən insan deyilmiyəm?” mahnısını ifa edirdim. İfadan sonra Demet Akalının əlində telefonla səhnəyə gəldiyini gördük. O, İbrahim bəyin məhz mənə görə Mayamidən zəng vurduğunu söylədi. Yarış zamanı İbrahim bəyin xeyir-dua verməsi mənim üçün çox gözlənilməz oldu. Bəlkə də həyatımda elə bir şoku ikinci dəfə yaşamayacağam. Məni sənətə elə onun mahnılarına olan sevgim gətirib. İbrahim Tatlısəs mənim kumirimdir.

- Daha sonra İbrahim bəy sizinlə əlaqə saxladımı?
- Bəli, sonralar oğlu Əhməd Tatlısəsin vasitəsiylə əlaqə saxladıq. Yaxın zamanda da görüşəcəyik.

- Bu qədər sevilə-sevilə finala çıxa bilməməyinizə səbəb nə oldu?
- Yarışı yarımçıq saxlamağıma səbəb orda bəzi xoşagəlməyən halların baş verməsi oldu. İstədiyim mahnıları oxumağa imkan vermirdilər. Məncə, Elnur Hüseynovun çıxışından sonra türklərdə bizə qarşı bir az paxıllıq hissi baş qaldırmışdı. Amma bunlar yalnız pərdə arxasında qalırdı.

Mən bu paxıllığı yaxşı hiss edirdim və getmək istəyirdim. Lakin ikinci çıxışımdan imtina edə bilmədim. Çünki müqavilənin şərtlərinə görə, çıxış etməyəcəyim təqdirdə böyük məbləğdə kompensasiya ödəməli olacaqdım. Məcbur qalıb çıxış etdim və elə o çıxışdan sonra da yarışdan ayrıldım.

- Azərbaycanda türklərə qarşı səmimi qardaşlıq münasibəti var. Türkiyədə də eyni münasibəti hiss etmədinizmi?
- Yarışlardan xaric, bizə münasibət çox gözəldir. Səmimi insanlardır. Mehribanlıqlarının həddi-hüdudu yoxdur.

- Yenə nə vaxtsa Türkiyədə belə yarışlarda iştirak edəcəksinizmi?
- Bundan sonra heç bir yarışmaya qatılmaq fikrində deyiləm. Düzdür, ətrafdan təkid edənlər də çoxdur. Ona görə fikirləşəcəyəm.

- Əvvəllər “Şeron” qrupunun solisti olmusunuz. Niyə qrupdan ayrıldınız?
- “Şeron” qrupundan əvvəl mən solo oxuyurdum. Həmin qrupda bir müddət işləyəndən sonra düşündüm ki, hər halda yenə solo karyerama qayıtsam, daha əlverişli olar.

- Hazırda Bakıda yaşayırsınız, ya Türkiyədə?
- İndi Bakıdayam. Baxmayaraq ki, Türkiyəyə səfərlərim çox olur. Orda işləmək üçün, hətta qalıb yaşamaq üçün xeyli təkliflər almışam. Amma hələ tam qərar verə bilmirəm. Açığı, orda olanda vətənim üçün çox darıxıram. Fikirləşirəm ki, mənə hara əzizdirsə, orda da yaşasam yaxşıdır.

- Bakıdasınız, bəs nə üçün efirlərdə görünmürsünüz?
- Əslində mən efir barəsində çox tənbəl adamam. Məni hər zaman qınayırlar. Açığı, efiri o qədər də sevmirəm. Çünki oxuya bilən də efirdədir, bilməyən də. Əgər efirə pul qazanmaq üçün çıxırlarsa, mənim reklama ehtiyacım yoxdur. Çünki illərlə reklamsız işləmişəm. Heç vaxt elə şeylərin arxasınca qaçmamışam.
İlk dəfə “Və qazanan” səs yarışmasına qatılmağım üçün məni sənət yoldaşım Zenfira İbrahimova və hazırda Türkiyədəki menecerim olan Ömər Şahin məcbur etdilər. Ordakı çıxışlarımdan sonra televiziyalar məni axtarmağa başladı. Sənətə sevgim böyükdür, amma sənətə qiymət verən çox azdır. Ona görə televiziyalardan bir az uzaq qaçıram.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər