12 Noyabr 2019 11:13
3 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rəqqasə Fatimə Fətəliyeva Teleqraf.com-a müsahibə verib.

- Fatimə xanım, necəsiniz?

- Fiziki olaraq çox yorulmuşam. İşlərim çoxdur. İşim düz gətirməyəndə əsəb keçirirəm.

- Niyə istirahətinizə vaxt ayırmırsınız?

- Yaxın günlərdə Quş adasına toya dəvət etmişdilər. Orada xınayaxdı oldu. Dörd gün dəniz qırağında oturmaq istirahət deyil. İstirahət etmək üçün 15 gün telefonu söndürüb, sosial şəbəkədən, insanlardan uzaq olmalıyam. O zaman beynim istirahət edə bilər.

- Hər kəs sosial şəbəkədən asılıdır. Maraqlıdır, sosial şəbəkəsiz nə qədər qala bilərsiniz?

- Telefonsuz qalmaq mümkün deyil. Hətta telefonumun enerjisi bitəndə sanki nəsə çatışmır. Amma işlərə başım qarışdığı üçün elə gün olur, instaqrama girmirəm. Əvvəl həyatımı instaqrama bağlamışdım. İndi o qədər də həvəsli deyiləm. İnstaqram mənə işimlə bağlı, yaxud nəyisə paylaşan zaman lazım olur.

Onu da elə təqdim etməliyəm ki, bəyənmə çox gəlsin. “Layk”ları yığışdırsalar, yaxşı olar. 20 il səhnədə olmağıma baxmayaraq bu gün də reklama ehtiyacım var. Biznesimə də reklam lazımdır. Rəqs sənəti incəsənətin ən çətin qollarından biridir. Bəlkə çoxları bu sənəti başa düşmürlər. Amma rəqs çətin, zərif və incə sənətdir. Xalqın sevgisi ilə bir damcı qalxmışam. Rəqs sənətində və biznes-ledi kimi fəaliyyətimdə brend olaraq adımı qoymuşam. Rəqs və biznes-ledi kimi fəaliyyət göstərmək hər kəsə nəsib olmur. Bunu bacarıramsa, deməli, güclü xanımam.

- Biznes-ledi deyəndə adətən Ruhi Əliyeva yada düşür. Son zamanlar siz də biznes-ledi kimi tanınmağa başlamısınız. Ruhi xanım sənətdən uzaqlaşdı. Biznes sizin də sənət fəaliyyətinizə təsir göstərə bilərmi?

- Əlbəttə, səhnə elə gözəl dünyadır ki, gözəllik, mədəniyyət, cavanlıq, istedad tələb edir. Bunlar bir-biri ilə bağlı olduqda gözəl sənət yaranır. Biz hər zaman cavan qalmayacağıq. 20 il əvvəlki Fatimə ilə indi eyni görünüşdə deyiləm. Nə qədər kosmetoloji prosedurlardan etsək də insan yaşlanır. Reallıq budur. Necə ki korifey sənətkarlarımız səhnəni tərk ediblər, mən də vaxt gələcək gedəcəm. Düzdür, rəqs məktəbim var. Tələbələr yetişdiririk. Bu bizim rəqsə dəstəyimizdir.

- Rəqs sənətində yeni simalar gəlmir. Səbəb nədir?

- Mən bu sənətə özfəaliyyətdən gəldim. Amma öz üzərimdə işlədim, Mədəniyyət və İncəsənət Universitetini, sonra peşəkar xoreoqrafiya məktəbini bitirdim. Yavaş-yavaş püxtələşdim. Baxmayaraq ki, özüm rəqs öyrədirəm. Amma yenə də öyrənirəm. Öyrənmək heç vaxt ayıb deyil.

Səhnədə çox əziyyət çəkmişəm. Ona görə də bu gün tələbatı saxlaya bilmişəm. Hər şeyə pul gözü ilə baxsaydım, bəlkə də başqa rəqqaslər kimi itərdim. Dəfələrlə dövlət tədbirlərində cənab prezidentimiz İlham Əliyevin qarşısında canla-başla çıxış etmişəm. Birinci ledimiz Mehriban Əliyevanın tədbirlərdə rəqs etmişəm.

Mən Fatimə Fətəliyeva kimi özümü təsdiqləmək üçün daim üzərimdə işləmişəm. Ansamblımızla bütün bölgələri gəzmişəm. Bu gün cavanlara yer vermək istəyirəm. Amma onlar bunu etmək istəmirlər. Əvvəl tanınmaq üçün efirə pul ödəməli idim. Bu gün mənimlə efirə pulsuz çıxmaq imkanları da var. Amma onlarda həvəs yoxdur.

- Xınayaxdı biznesinizi daha da böyütmüsünüz, ikimərtəbəli ofisiniz var. Zamanla sizinlə rəqabət etmək istəyənlər çox idi. Hətta bir neçə məşhurla problem yaşadınız.

- Mənə rəqabət stimul verir. İndi darıxıram ki, niyə mənə stimul verən yoxdur. Məni qıcıqlandırmayanda sönə bilərəm. Kiminsə məni əsəbləşdirməsi lazımdır ki, daha çox üzərimdə çalışım. Yenilik gətirim və məclislərdə partlayış olsun.

Mənimlə rəqabət aparmaq istəyənlərdən eləsi var ki, təzə-təzə nəsə edirlər. Elə bilirlər, özlərindən yoxdur. Mənə söz göndərirlər, fikirlər söyləyirlər, deyirlər, sən artıq qocalmısan və s.

Məndən cavan ola bilərsən. Amma etdiklərimi etmək üçün gərək bu dünyadan köçüb yenidən gələsən ki, Fatimə olasan. Bəlkə mən də onun etdiklərini edə bilmərəm. Hər kəsin öz fantaziyası, öz enerjisi var. Allah hamının ruzisini versin . Heç kimin pulunda gözüm yoxdur.

- İnstaqramda həyat yoldaşınızı şəkilini paylaşdınız, tez də sildiniz.

- Həyat yoldaşım bu sferanın insanı deyil. Bəziləri deyilər ki, həyat yoldaşları həcidir. Barmağını, ayağını göstərirlər. Bizdə belə şey yoxdur. Ay mənim həyat yoldaşımın ailəsi var, mən qaçıb gizlənirəm, qorxuram və sair - yox. Mən kiminsə ailəsini dağıdan xanımlardan deyiləm. Sadəcə həyat yoldaşım görünmək istəmir. Heç oğlumun da tanınmasını istəmir. Nə övladlarım, nə də həyat yoldaşım mənim efirə çıxmağımı istəyir. Ailəmizdən sadəcə anam mənim fanatımdır. Amma başa düşmürlər ki, bu mənim dərmanımdır.

Fotolar: Ceyhun Rəhimov


Müəllif: Rəqsanə Həsənova